Hər ikisi topun arxasında...

Hər ikisi topun arxasında...

Müharibə və atəşkəs!

Bir-birinə zidd olan bu iki kəlmə nifrət və sevgi kimidir. Nifrət müharibədir, sevgi atəşkəs... Nifrətdən sevgiyə keçid mərasimində isə sülh müqaviləsi imzalanır.

Bizim ölkədə “müharibə” mənlə, “atəşkəs” qızımla yaşıddır. Qızımı həm də atəşkəs kimi əzizləyirəm...

Bu iki kəlmənin arasında hər zaman qəhrəmanlar olub. Uduzanda da, udanda da...

Bu, bizim coğrafi taleyimizdir, amma müqəddəratını dəyişməyi bacarmışıq.

Hərdən dostlarla müzakirələrdə sual edirik: Görəsən, Portuqaliyada doğulan uşaq ölkəsinin müdafiə nazirini, Baş Qərargah rəisini tanıyır? Və ya bu ölkənin hərbçiləri hansı halda medallarla təltif edilirlər?

Bizdə bəllidir, bəs orada “Cəsur döyüşçü” medalını almaq üçün hansı fədakarlığı etmək lazımdır?

Təbii ki, Portuqaliya şərtidir. Bu, Norveç də ola bilər, İsveç də, fərq etmir.

Biz qəhrəmanlarımızı daha çox müharibələr nəticəsində tanımışıq. Amma qeyd etdiyim ölkələr bu situasiyalar içində olmadığından, qəhrəmanları fərqli sahələrdə üzə çıxıb.

Məsələn, mənə görə Kriştiano Ronaldo Portuqaliyanın Vətən Müharibəsi Qəhrəmanıdır, “Cəsur döyüşçü” medalına layiqdir.

Azərbaycan üçün Vətən Müharibəsində topun arxasına keçən Vüsal kimdirsə, Portuqaliya üçün də Sloveniya ilə matçda topun arxasına keçən Ronaldo eyni mahiyyət daşıyır. Məsələn, Topçu Vüsal hədəfdən yayınanda məyus olur, Ronaldo da qol vura bilməyəndə...

Bizim mentalitet üçün müqayisə və bənzətmə bir az qəzəbləndirici ola bilər. Amma niyə olsun? Hər ikisinin meydanda olmasının səbəbi ölkəsi, onun şərəfi deyilmi?

Vətən uğrunda bu duruşlar eyni deyilmi? Hər ikisi topun arxasında...

Dünən Ronaldo penaltidən fərqlənə bilmədiyi üçün məyusluğunu göz yaşları ilə ifadə elədi. Bu dəfə koordinata dəqiq hədəf ala bilmədiyini özünə bağışılaya bilmirdi. O an anası ilə göz-gözə gəlir və onu dünyaya gətirənin də ağladığını görür.

Ronaldo üçün Sloveniya ilə matç bizim Füzulinin Alxanlısı uğrunda gedən döyüşə bərabər idi. Füzuli bizim, Sloveniya da Ronaldonun 1/4 mübarizəsi idi. Səddin keçilməməsi məğlubiyyət deməkdir! Ronaldo boyda ağlamağın da səbəbi bu idi...

Emin Səfərov

Mənbə: qafqazinfo.az