“Oyun Karvanı Azərbaycanda” layihəsinin təqdimatı olub

“Oyun Karvanı Azərbaycanda” layihəsinin təqdimatı olub

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabr ayının 12-si və 13-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Türkiyə Uşaq Oyunları və İdman Klubları, Azərbaycan Məktəb İdmanları federasiyalarının, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” ictimai birliklərinin və “Mehriban dost” layihəsinin təşəbbüsü ilə şəhər və rayon gənclər və idman idarələrinin toplantısı keçirilib.

“Azərbaycan İdman Könüllüləri” İB-dən AZƏRTAC-a bildirilib ki, toplantıda bölgələrdə idmanın inkişafı, uşaq və gənclərin zərərli vərdişlərdən yayındırılması, sağlam həyat tərzinin təbliği ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin birgə təşkilatçılığı ilə “Oyun karvanı Azərbaycanda” layihəsinin təqdimat mərasimi keçirilib. Layihənin baş koordinatoru Koray Akdemir əsas məqsədlərinin formalaşmaqda olan gənc nəsli ənənəvi küçə oyunlarına cəlb etməkdən, onlara oxu vərdişi aşılamaqdan və dövlət himayəsi altında olan uşaqlarla valideyn himayəsində yaşayan uşaqlar arasında ünsiyyət yaratmaqdan ibarət olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu cür oyunlarda iştirak zamanı 8-12 yaşlı uşaqlar texnoloji vasitələrdən tamamilə uzaqlaşacaqlar. “Oyun karvanı Azərbaycanda” layihəsinin açılışı oktyabr ayının 17-də Bakı şəhərində baş tutacaq. 7 bölgədə keçirilməsi planlaşdırılan layihə hər bölgədə 2 gün davam edəcək.

Layihənin müsbət təsirlərini vurğulayan Azərbaycan Məktəb İdmanları Federasiyasının vitse-prezidenti Gülgəz Tağıyeva ənənəvi türk oyunları ilə yanaşı, Azərbaycan oyunlarının da təşkil olunmasını təklif edib. Daha sonra Federasiya nümayəndələrinə müraciət edən G.Tağıyeva məktəblilər arasında keçirilən respublika çempionatının ədalətli oyun qaydalarına uyğun təşkil edilməsi və baş verə biləcək pozuntuların qarşısının alınması ilə bağlı tövsiyələrini verib.

Rayon məktəblərində idman oyunlarının keçirilməsinin vacibliyinə toxunan Azərbaycan Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyev noyabr ayında keçiriləcək “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi barədə danışaraq bildirib ki, əsas hədəf gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraraq idmana cəlb etməkdir.

Daha sonra “Azərbaycan İdman Könüllüləri” İB-nin sədri Miraqil Seyidzadə təşkilat haqqında məlumat verərək adı çəkilən birliyin yaradılmasındakı əsas məramın idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması olduğunu vurğulayıb. M.Seyidzadə könüllülük hərəkatının inkişafına dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın göstərdiyi xüsusi qayğıdan söz açaraq, bölgələrdə yaşayan gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasının onların gələcək inkişafına müsbət təsir edəcəyini qeyd edib.

Mənbə: azertag.az