Mixael Şumaxerin menecerinin fikrincə, onun oğlu Mik Şumaxer çempion potensialına malikdir

Mixael Şumaxerin menecerinin fikrincə, onun oğlu Mik Şumaxer çempion potensialına malikdir

Bakı, 18 oktyabr, AZƏRTAC

Formula 1 yarışlarının yeddiqat çempionu Mixael Şumaxerin meneceri Sabine Kem çempionun oğlu Mikin çıxışlarını şərh edib. Mik Şumaxer 2018-ci il mövsümündə Avropa Formula 3 yarışlarının çempionu olub, 2019-cui ildə isə Formula 2 yarışlarında çıxış edir. Mövsümün başa çatmasına bir mərhələ qalmış aktivində 51 xal olan 20 yaşlı yürüşçü şəxsi birincilikdə 12-ci yeri tutur.

AZƏRTAC xəbər verir ki, Sabine Kem Mikin tezliklə Formula 1 yürüşlərinə qatılacağına əmindir. “GrandPX.news” saytı Sabine Kemin bu sözlərini sitat gətirir: “Ümidvaram ki, bu hadisə tezliklə baş verəcək. İnanıram ki, Mik bu işin öhdəsindən gələcək. O, çox gözəl çalışır. Deyə bilərəm ki, o, dünya çempionu olmaq arzusunu reallaşdırmağa qadirdir. Onun çempion olacağına ürəkdən inanıram”.

Kem Formula 2 yarışlarında builki mövsümün Mik üçün bir qədər uğursuz olmasını da şərh edib.

Menecer deyib: “Çox vaxt onun bəxti gətirmirdi. Əlbəttə, o hələ çox şey öyrənməlidir, lakin təhlil aparmağı, nəticə çıxarmağı və öz işini yenidən qurmağı bacarır”.

Mənbə: azertag.az