Cavid Hüseynov: ““Zirə” çox asan qollar buraxır”

Cavid Hüseynov: ““Zirə” çox asan qollar buraxır”

“Zirə”nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. “Report” xəbər verir ki, təcrübəli futbolçu öncə məğlubiyyətin səbəblərini açıqlayıb.

- Komandada istək çatışmazlığı var idi. Bunu indiyə kimi çıxdığımız bütün oyunlardan sonra istər yaxın, istərsə də uzaq şəxslər bizə deyirdilər. Bu gün əsas məqsədimiz mübarizə aparmaq idi. Məncə, bu, ilk hissədə bir az hiss olunurdu. Sadəcə, asan qollar buraxdıq və öz imkanlarımızdan istifadə edə bilmədik. Sonda belə acı məğlubiyyətlə üzləşdik.

- Şans demişkən, 90 dəqiqə ərzində qapıya 1 zərbə belə vurmadınız. Hansı şansı nəzərdə tutursunuz?

- Mən ötürmə verəndə Soni Norde qapıçı ilə təkbətək çıxdı. Məgər bu, şans deyil?

- Amma top qapıya tərəf getmədi.

- Qapı tirinə dəydi, qapıya getmədi. Bu, şansdır. Onu qola çevirmək futbolçuların üzərinə düşür. Mən də o hərəkəti etsəydim, qapıya yox, kənara meyllənsəydim, top qapıya daxil olmayacaqdı. Belə şanslar olur. İkinci hissə başlayan kimi mən topu irəli ötürdüm, üç futbolçu gəldi, 4-5 saniyə ərzində qapımızda qol gördük. Bu da onların şansı idi, dəyərləndirdilər. Çox asan qollar buraxırıq. Nəticədə də belə hesabla uduzduq. Düşünürəm ki, çətin olacaq. Çünki xallar itiririk və bunlar bizim üçün ağır nəticələr verə bilər. Medallar uğrunda mübarizəni itirə bilərik. Amma kağız üzərində hələ də şanslarımız qalıb.

- Razısınızmı ki, bu gün “Zirə” mövsümün ən bərbad oyununu oynadı?

- Xeyr, razı deyiləm. İkinci hissə başlayan kimi qol buraxmasaydıq, başqa cür də ola bilərdi. Ən pis oyunu bu gün oynadığımızı deməzdim.

- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa çox zamana ehtiyac var?

- Hər bir baş məşqçinin öz üslubu, oyun taktikası var. Zaur Həşimov və sələfi Samir Abasov fərqli üslubda oyuna üstünlük verirlər. Həşimovun dediklərinə əməl edək.

Mənbə: report.az