Bu, erməni dığalarına ən gözəl cavabdır - "Qarabağ" rəsmisi

Bu, erməni dığalarına ən gözəl cavabdır - "Qarabağ" rəsmisi

Oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası Bakıda “Qarabağ”ın qonağı olacaq.

Musavat.com xəbər verir ki, bu oyun təmsilçimiz üçün olduqca vacibdir. Çünki “Qarabağ”ın olası qələbəsi klubun qrupdakı yerini möhkəmlədəcək. Hətta liderlik üçün şanslarını da artıracaq.

Klubun sözcüsü Nurlan İbrahimov əməkdaşımızın "Düdelanj"la oyunda baş verən təxribat, APEOL matçı öncəsi son vəziyyət və bayraq şöləni ilə bağlı suallarını cavablandırıb.

İlk olaraq bilet satışı ilə bağlı danışan N.İbrahimov bildirib ki, stadion tamamı ilə dolacaq: “Demək olar ki, bilet satışı başa çatmaq üzrədir. 4-cü gündən biletlər satışa çıxıb, bu saata qədər 27 minə yaxın bilet satılıb. APOEL klubu bizdən 80 bilet istəyib, boşluq ancaq orada ola bilər. Bilirsiniz ki, biz bu oyunda bütün stadiona Azərbaycan bayrağı paylayacağıq. “Qarabağ” futbol klubunun xüsusi layihəsidir. Biz bunu daha əvvəl də etmişik. Bunu heç kim APOEL-ə cavab olaraq görməsin, bizim bu klubla çox yaxşı münasibətlərimiz var. Onlarla hər hansı bir problemimiz yoxdur”.

- Stadionun vəziyyəti nə yerdədir? Oyuna hazırlıq necə gedir?

- Stadion tam olaraq hazır vəziyyətdir. 30 min bayraq hazırlanıb. Hər şey oyun üçün ideal durumdadır. Azarkeşlərimiz rahat şəkildə matça gəlib, komandamıza dəstək ola bilərlər. Onların dəstəyi oyunçularımıza əlavə güc verəcək.

- "Düdelanj"la oyunda ermənilər dronla təxribat törətdilər. Bu hadisəyə APOEL matçında cavab olacaqmı?

- Onların bu hərəkəti ümumi götürəndə xoşagəlməz görünsə də, bu bizim xeyirimizə olan hadisə oldu. Çünki neytral, hadisələrdən xəbərsiz adamlar orada bizdən bunun səbəbini soruşdular. Onlara məlumat verdik ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər. “Qarabağ” klubu da dünyada tanınır, Avropada çıxış edir, bunlar da bizim uğurlarımızdan qıcıq olurlar, belə təxribat törədirlər. Ermənilərin bu təxribatı sözün əsl mənasında bizim işiməz yaradı. İşğalçılar barəsində məlumatsız olanlar da hər şeyi öyrəndilər. Biz UEFA-ya dronla bağlı müraciət etdik, onlar da bütün klublara dronla baş verəcək hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq edib.

- Azarkeşlərimizdən bu təxribata sabahkı matçda nəsə adekvat cavab ola bilərmi?

- Biz xalq olaraq bayraq məsələsinə həssasıq. Bayrağımıza bağlıyıq, onu sevirik və qoruyuruq. Məncə, ən yaxşı adekvat cavab elə 30 min azarkeşin bayrağımızı dalğalandırmasıdır. Ekstra nəsə etməyə ehtiyac yoxdur. Biz niyə deyək ki, Qarabağ bizimdir. Bütün dünya onsuz da bilir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və ermənilər tərəfindən işğal edilib. “Qarabağ”ın qazandığı uğurlar erməni dğalarına ən gözəl cavabdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Mənbə: axar.az