Ekspertlər "Qarabağ" haqda: "Daha gələcək yoxdur"

Ekspertlər "Qarabağ" haqda: "Daha gələcək yoxdur"

Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Sputnik Azərbaycan xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçında Kiprin APOEL klubu ilə qarşılaşıb.

Qurban Qurbanovun komandası hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da APOEL xalını 4-ə çatdırıb və şəxsi göstəricidə "Qarabağ"ı üstələyərək 2-ci pilləyə yüksəlib. Dünən baş tutan bu görüş və gələcək proqnoz barədə ekspertlərin rəyini öyrəndik.

Natiq Muxtarlı (idman jurnalisti): ""Qarabağ"ın ən böyük problemi yaratdığı qol imkanlarından istifadə edə bilməməyidir. Məhz bu problem APOEL-lə oyunlarda həlledici oldu. Futbolda 90 dəqiqə topa nəzarət etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki qalib o komanda olur ki, qol vurmağı bacarır. APOEL məhz qol vurmağı bacardığı üçün "Qarabağ"a qalib gəldi.

Biz jurnalistlər uzun müddətdir deyirik ki, "Qarabağ"ın ən problemli mövqeyi hücum xəttidir. Dino Ndlovudan sonra bu mövqedə ciddi sıxıntı olduğu sezilirdi. Amma təəssüf ki, məşqçilər korpusu bunu sezə bilmədi. Sezsələr də, həll edə bilmədilər. Başa düşürəm, Azərbaycan çempionatı kimi zəif çempionata səviyyəli hücumçu gətirmək çətindir. Bu çətinliyi bilə-bilə əlində olanı saxlamama nə deməkdir? Ndlovu "Qarabağ"da qalmaq istəyirdi. Bəs hansı maraq və hikkə mane oldu bu futbolçunun məvacibini artırıb komandada saxlamağa? Bu məsələdə "Qarabağ"ın məşqçilər korpusunun və rəhbər şəxslərinin günahı danılmazdır. Gələcəklə bağlı isə proqnoz vermək yersizdir. Çünki daha gələcək yoxdur. Hər şey bitib. APOEL "Qarabağ" deyil. İndi kiprlilərin taleyi öz əllərindədir. Onların bu imkandan yararlana bilməyəcəyini düşünmürəm. Çox istərdim ki, yanılım, amma əminəm ki, "Qarabağ" qrupdan çıxa bilməyəcək".

Anar Xanlarov (idman jurnalisti): "Bizim üçün çox vacib oyun idi. Təəssüf ki, öz əlimizlə 3 xalı rəqibə verdik. Məğlubiyyətin bir sıra obyektiv və subyektiv səbəbləri var. Mahir Əmrəlinin zədə səbəbindən Kiprə aparılmaması, oyunun gedişində Kintananın və Miçelin zədələnərək sıradan çıxması obyektiv səbəblərdir. Hələ nəzərə alaq ki, Ozobiç də uzun müddətdir komandaya kömək edə bilmir. Qeye Bakıda olduğu kimi Nikosiyada da çox bərbad oynadı və komandaya heç bir faydası toxunmadı. Açığı, mən ondansa Hacıağanın və ya İbrahimin oynamasının tərəfdarı idim. Araz Abdullayev üzərinə düşəni edə bilmədi. Əksinə, yanlış zərbə ilə rəqibə əvvəl künc zərbəsi, sonra da qol qazandırdı. Ümumiyyətlə, standart vəziyyətlər yaralı yerimiz olaraq qalır və buna bir çarə tapılmır. O ki qaldı bundan sonrasına, məncə, şans var. Biz "Dudelanj"la evdə APOEL isə səfərdə oynayacaq. Ümid edək ki, APOEL səfərdə xal itirsin. Amma bir şərtlə ki, biz də evdə Lükemburq təmsilçisini mütləq məğlub edək. Belə deyək, dünənə kimi taleyimiz öz əlimizdə idi".

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu İspaniyanın "Sevilya" klubuna qarşı keçirəcək. Səfərdə baş tutacaq oyun 29 noyabr 00:00-da start götürəcək.

Mənbə: sputnik.az