“Siyasətdəki dopinq idmandakı dopinqdən daha iyrəncdir” - Natiq Cəfərli

“Siyasətdəki dopinq idmandakı dopinqdən daha iyrəncdir” - Natiq Cəfərli

“Yeni Sabah”ın “SportMən” rubrikasının budəfəki müsahibi Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlidir:

- İqtisadçınız, eyni zamanda siyasi fəaliyyətiniz də var. Burada idmana vaxt ayıra bilirsinizmi?

- Əslində uşaqlıqdan idmanla məşğul olmuşam, əsasən də, futbolu çox sevirəm. Gənclik illərində Azərbaycan yığmasına da üzv olmuşam. Futbola olan sevgim bu günə qədər qalıb. İmkan tapdıqca dostlarımla həftədə 1-2 dəfə futbol oynaya bilirəm. Bu açığı, gündəlik həyatın stresini atmaq, dincəlmək, dostlarla görüşmək üçün çox yaxşı fürsətdir. Bu səbəbdən idmanla əlaqələrimi hələ də kəsməmişəm.

- Bir REAL-çı olaraq yəqin ki, həm də “Real” (Madrid) azarkeşisiniz.

- Bəli, İspaniyada “Real” azarkeşiyəm, amma ümumilikdə, ən çox azarkeşlik elədiyim klıub “Qalatasaray”dır. Bu “Qalatasaray”ın (Türkiyə -Red.) kubok almasından öncə - 1990-cı illərdən başlayan bir sevdadır.

- “Real”ı “Kral klubu” adlandırırlar. Bəs sizin REAL-ınızı necə adlandırmaq olar?

- Bir cümlə ilə desək, “Cümhuriyyətçilər klubu”. Yəni, REAL cümhuriyyət, respublika dəyərlərini önə çəkən bir klubdur.

- Bəs, REAL siyasi meydanda hansı taktika oynayır, hücum, ya müdafiə?

- Siyasi meydanda bunların zaman-zaman dəyişdiyini görürük. Həm hücum etməyi bacarmalısan, həm də müdafiəni qurmalısan. Müdafiəni düzgün qurmasan, etdiyin hücumların heç bir mənası qalmaz. Hər iki istiqamətdə siyasətçilər hazırlıqlı olmalıdır.

- Hücum zamanı hədəfinizə çatmısınızmı?

- Hələ ki, siyasi hədəflərimizə çatmamışıq. Ən böyük siyasi hədəfimiz ölkədə respublika dəyərlərinin tamamilə oturuşmasıdır. Hədəfimiz ölkəmizin dünyada sayılan-seçilən ölkələr sırasında olmasıdır. Rifahın yüksəldilməsi, insanlarımızın azadlıqlarının təmin edilməsi də buraya daxildir. Bu, əsas hədəfimizdir, buna doğru gedirik. Amma əlavə şəxsi uğur hekayələrimiz olub. REAL-ı bundan əlavə heç kim tanımırdısa, amma artıq ölkənin sayılıb-seçilən siyasi partiyalarından biridir. Bunu siyasi uğur saymaq olar. Seçkilərlə bağlı da kiçik bir uğurum var. 2010-cu ildə namizədliyimi israrla qeydiyyata almadılar. Lakin bunun məhkəməsini uddum və namizədliyimin siyasi səbəblərə görə qəbul edilməməsi isbat olundu və buna görə təzminat aldım.

- Görünür, topu hələ də dəqiq hədəfə vura bilməmisiniz.

- Təbii ki. Vurduğumuz qollar qalib gəlməyimizə yetərli olmur. Amma bu hələ ki, belədir. Çünki iki komandanın oyununda da görürsən ki, çox böyük hesab qeydə alınır. Çoxlu qollar vursanız da, bu qələbəyə yetərli olmaya bilər. Siz yaxşı oyun göstərə, lakin 3-4 hesabı ilə uduza bilərsiniz. Yaxşı oynamağınıza baxmayaraq, bu qalibiyyət deyil. Bu nöqteyi-nəzərdən bizim də gedəcəyimiz yol, vuracağımız qollar çoxdur.

- Azərbaycan siyasətçilərindən kimi REAL-a transfer etmək istərdiniz?

- Əslində Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzlu şəxslər var. Amma bu günə qədərki siyasi partiyalarda yer almış insanları REAL-a keçirmək istəməzdim. İcazənizlə, adını qeyd etmək istəmirəm. Mənim REAL-da daha çox görmək istədiyim cəmiyyətdə öz uğur hekayələrinə görə öndə olan insanlardır. Ümumiyyətlə, keçmiş və ya indiki siyasi partiyalarda fəaliyyət göstərən şəxslərdən REAL-da görmək istədiyim yoxdur.

- Səbəb?

- Çünki həmin oyunçular öz komandalarında ciddi uğur qazana bilsəydilər, daha öndə ola bilərdilər. Deməli, onların komanda oyunu ilə bağlı problemləri var, ya da şəxsi bacarıqları ilə bağlı problem var. Elə insanların REAL-da hər hansı ciddi uğur qazanacağına, komanda oyununa dəstək verəcəyinə şübhə ilə yanaşıram.

- Azərbaycan siyasətində özünü oyunçu hesab edən kifayət qədər siyasi şəxs var. Bəs niyə onlar özlərini azarkeş kimi aparırlar?

- Maraqlı sualdır. Bu sistem problemlərindən doğan məsələdir. Çünki Azərbaycanda siyasətlə məşğul olmaq Avropa ölkələrində siyasətlə məşğul olmaqla eyni deyil. Azərbaycanda ciddi problemlər var. Bu problemlər təkcə, siyasi sahədə olan darlıqlarla məhdudlaşmır. Azərbaycanda siyasi sahədə oyun göstərmək dar çərçivədədir. Amma digər ölkələrdə siyasətçilərdən kənar, cəmiyyətdə ekspert camiyələri də olur. Müxtəlif məsələlərlə bağlı onlar öz fikirlərini bildirirlər. Bu məsələ müzakirə edilir, beləliklə, azarekeşdən oyunçuya çevirilən partiyalar yaranır. Bizdə bu proses zəifləyib və ya dediklərimin əksi olur.

- Həmin azarkeşlər hansı komandada daha çoxdur?

- Hər yerdə var. Amma deputatlar demək olar ki, siyasətlə məşğul olmur. Az saylı deputat var ki, siyasi proseslərə açıqdırlar. Hətta bundan öncəki spiker Murtuz müəllim demişdi ki, Milli Məclis sizin üçün siyasət yeri deyil. Siyasət yeri olmayan Milli Məclisdə deputatların siyasətlə məşğul olması çox ağırdır. Çünki normalda parlamentdə fraksiyalar olmalıdır, fraksiyalar arasında münasibətlər qurulmalıdır, qanunlar müzakirə edilməlidir. Bizim parlament dünyada nadir görünən parlamentlərdən biridir. Məsələn, parlament 1 saat ərzində 30-40 qanunu birdən təsdiq edə bilər. Hansı ki, həmin qanunların oxunulmasına belə bir neçə gün vaxt lazımdır. Müxalifət partiyalarında da belə şeyləri tez-tez görürük. Müxalifət partiyaları çox zaman bir şəxsin ətrafında qurulduğu üçün əsasən, həmin şəxs önə çıxır, onun komandası görsənmir. Qol vuran da, buraxan da o olur.

- Siz seçkilərdə yarışı, digərləri isə baykotu seçir. Sizcə, kim daha çox uduzur?

- Əgər siyasi partiya seçkilərdə iştirak etmirsə, onun siyasi partiya kimi fəaliyyət göstərməyinin mənası yoxdur. Siz təsəvvür edin, futbol komandası yaradırsınız, oraya çox sayda futbolçular gətirirsiniz, aylarla, illərlə məşq edirsiniz, çempionat başlayır və siz çempionatda iştirak etməkdən imtina edirsiniz. Bu çox məntiqsiz qərar olar. Çünki sən oynamırsansa, uda bilməzsən. Uduzmaq versiyası da var. Siyasi partiyaların seçki prosesində iştirakı mütləqdir. Ən azından udmaq şansı qazanmaq üçün vacibdir.

Seçkilərdə iştirak etməyənlər əvvəlcədən məğlub olur. Çünki iştirak etmədən çempionatın düzgün keçirilmədiyini demək məntiqsizlikdir. Sən gərək, iştirak edəsən ki, orada hakimin verdiyi səhv qərarları görəsən, protokollaşdırasan, sona qədər mübarizə aparıb qol vurmağa cəhd edəsən. Bunları etmirsənsə, sadəcə yarışdan uzaq qalıb mən bu çempionatı tanımıram deməklə, o seçkidə iştirak edən partiyaların iştirakına kölgə sala bilməzsən.

- Adətən, yarışlardan öncə, idmançılar dopinq qəbul edir. Bəs, siyasətdə necə?

- Siyasətdə dopinq sözün yaxşı mənasında o ola bilər ki, hər hansı siyasi partiya cəmiyyətdə tutarlı ideyalarla çıxış edir, dopinq effekti yaradır, cəmiyyətdə müəyyən müzakirələrin yaranmasına səbəb olur. Amma çox təəssüf ki, bu nadir görünən hadisədir. Azərbaycanda qeyri-qanuni dopinq hakimiyyətlə gizli qapılar arxasında danışıq aparan partiyalarda olub. Onlar zamanla bundan istifadə ediblər, reytinq artırıblar və ya bərpa ediblər, danışılmış oyunda iştirak edib uğur qazanmağa çalışıblar, o cümlədən, həmin partiyalar dopinqdən istifadə edib parlamentdə yer qazanmağa çalışıblar. Bu anlamda, siyasətdəki dopinq idmandakı dopinqdən daha iyrəncdir.

- Söhbət hansı komandalardan gedir?

- 1995-ci ildən bu günə qədər... 2015-ci il parlament seçkilərinə qədər parlamentə düşmüş müxalif partiyaların siyahısı hamının gözü qarşısındadır. Həmin insanların adları da deputat siyahılarında olub.

- Əsas liqada hansı partiyaları görürsünüz?

- Əsas liqada bizim əsas rəqibimiz hakim partiyadır. Düzdür, YAP-a siyasi partiya kimi baxmaq da olmur. Çünki onun bir idealogiyası, proqramı, sənədləri yoxdur ki, həmin sənədlər üzərindən onunla müzakirə edəsən. Amma ən azından, inzibati resurslarına görə əsas rəqibimiz Yeni Azərbaycan Partiyasıdır. Çünki hakim partiyadır. Amma Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası da yüksək liqanın komandaları sırasındadır.

- Bəs müxalif partiyaların illərdir ki, hakim partiyaya qalib gəlməməsinin əsas səbəbi nədir?

- Obyektiv səbəbi insanları inandırmamaq.

- Bəs inandıra bilməmələrinin səbəbi nədir?

- Müxalifət insanları inandıra bilməyib. Sona qədər inandırsaydı, dəyişiklik qaçılmaz olardı. Vətəndaşların böyük əksəriyyəti, hətta məmurların özü də indiki sistemdən narazıdır. Hərənin narazılığının öz səbəbi var. Amma ümumi narazılıq ab-havası var. Belə narazılıq olan ölkədə müxalifət uğur qazandıra bilmirsə, deməli, insanları inandıra bilmir. "Mən gəlsəm, yaxşı olacaq" demək bəs deyil, bu fikri insanlara inandırmaq lazımdır. İnsanlar o zaman hərəkət keçir ki, gələcəyə inanır. Digər səbəb isə, əsas rəqimizin hakim olmasıdır. Həm rəqib, həm hakim olan bir partiyayla mübarizə aparmaq futbolda da, siyasətdə də çətin olur.

- Hakim partiya siyasi meydandan getsə, yenə sizin əsas rəqibiniz olaraq qalacaq?

- Bugünkü hakim partiyanın əsas resursu inzibatı resursdur. Yəni, hakim partiya beyinləri yox, ayaqları mobilizə edir. Bugünkü hakim partiya kifayət qədər yenilənib. Düşünürəm ki, YAP onlara yaraşmır. YAP indiki hakim partiyadan daha geridədir.

- Belə anlaşılır ki, onları əsas rəqib olaraq görmürsünüz?

- Əlbəttə. Hakim olmasalar, onları həm futbolda, həm siyasi meydanda asanlıqla udmaq olar.

- Saydıqlarınız da daxil olmaqla, meydanda kifayət qədər siyasi partiya var. Azarkeşlərin ən sevdiyi komanda hansıdır?

- Bunu Azərbaycanda ilk demokratik və rəqabətli seçki göstərəcək. İçi REAL qarışıq, heç bir partiya deyə bilməz ki, mənim reytinqim daha yüksəkdir, Azərbaycan azarkeşləri məni dəstəkləyir. Demokratik seçkilər olanda partiyalar da turnir cədvəlində neçənci yeri tutacaqsa, bunu görəcəyik. Günü bu gün ölkə gündəmini bədirləyən bir neçə partiya var. Hakim partiya da bura daxildir.

- Bəs, o turnir cədvəli nə zaman tərtib ediləcək?

- 2020-ci ilin payızında.

- Sizcə, Azərbaycandakı siyasi vəziyyət nəyə bənzəyir: olimpiya ya paraolimpiya?

- Çox gözəl sualdır. Olimpiya oyunlarının şüarlarından biri "Əsas qələbə deyil, iştirakdır" şüarıdır. Siyasətdə bu şüar keçərli deyil. Çünki siyasətdə həm iştirak vacibdir, həm də qələbə. Əgər sən qələbəyə köklənmirsənsə, iştirakının mənası qalmır. Amma Azərbaycanın indiki siyasi sisteminin özü çox "sakat" olduğundan daha çox paraolimpiyaya bənzəyir.

- REAL-ın kapitanı komandada yenilənmə işləri görür. Sizə, bu REAL-ı qələbəyə aparacaqmı?

- Təbii ki, futbol komandalarında da zaman-zaman yeni simalara ehtiyac yaranır. Siyasi partiyalar da yenilənməlidir ki, əvvəl buraxdığı səhvləri düzəltsinlər, daha ciddi uğurlara imza atsınlar. Bu nöqteyi-nəzərdən İlqar bəyin yeniləmə siyasəti əminəm ki, REAL-ı daha da gücləndirəcək və bu 2020-ci ilin payızında REAL-ın qələbəsini təmin edən əsas amillərdən birinə çeviriləcək. Amma İlqar bəy bu qərarı təkbaşına vermir. Çünki REAL tək adam partiyası deyil. REAL tək bir nəfər üzərində qurulmayıb. Bu səbəbdən, kapitanımızın təklifləri ciddi müzakirələrdən keçdi. Bu yolun daha uğurlu olduğuna inandıqdan sonra hamılıqla eyni qərarda qətiləşdik. Bir neçə şəxsin bu qərardan narazı qalması da təbiidir. Bu da REAL-da demokratik ab-havanın olduğunun göstəricisidir.

- Kimlər narazı idi?

- Son dövrlər bir neçə şəxs gedibsə, onlar bu qərardan razı deyildilər.

- REAL bu ayrılıqlardan sonra gənc oyunçulara üstünlük verəcək, ya necə?

- Bəli. Buna ayrılıq deməzdim. REAL-dan kütləvi şəkildə qopmalar olmadı. Ümumilikdə 9 nəfər istefa vermişdi, daha sonra 2-si geri dönmə ilə bəyanat yazdı. 7 nəfərin REAL-dan ayrılmasına ciddi qopmalar demək olmaz.

- Bu dəyişikliklərə təkcə fikir ayrılıqları səbəb oldu, ya başqa məsələlər də var idi?

- Bəzi oyunçular özlərinin qol vura bilməməklərini şəxsi göstəricilərinin zəifliyi ilə deyil, futbol komandasının üzvlərinin onlara ötürmə etməməsi ilə əlaqələndirirlər. Bu onların daxili eqolarını zədələyir. Siyasətdə belədir ki, daxili eqosu zədələnən insanlar rasional düşünə bilmir və buna görə də eqosuna tab gətirə bilmir. Bəzən çox çılğın, qeyri-rasional qərarlar verir. REAL-dan gedən 7 nəfərin bir qismi şəxsi eqoları sakitləşəndən sonra yenidən REAL ailəsinə dönə bilərlər.

- Dediyiniz şəxslərin eqoları yalnız İlqar Məmmədova yönəlib, ya ümumi komandaya?

- Əsasən, İlqar Məmmədova yönəlib. Amma ümumilikdə, REAL-da önə çıxmağa cəhd göstərib, bu alınmayanda günahı özündə yox, komandada görmək məsələsi də var. Bu ulduz futbolçularda da olur. İbrahimoviç bir müsahibəsində demişdi ki, komanda mənə oynayanda uğur qazanacaq, mən komandaya oynayanda yox. Ona görə də onun kimi istedadı olan futbolçunun ciddi uğuru yoxdur. Məhz komanda oyunçusu ola bilmədi. Siyasətdə də belədir. Eqosuna qalib gələ bilməyən şəxslər siyasıtdən silinib gedir.

- Yəni, demək istəyirsiniz ki, REAL-dan ayrılanlar ciddi uğur qazana bilməyəcək.

- O onların seçimi olacaq. Mənə elə gəlir ki, Zlatanın tez-tez komanda dəyişməsi ona heç də başucalığı gətirməyib.

- Hakimin verdiyi qərarlar yanlış olsa da, icra olunur. Bəs, sizin haqqınızda verilən həbs qərarı niyə sona kimi icra edilmədi?

- Əslində, mənim həbsimlə bağlı qərar qəbul edilərkən, çox qəribə hadisələr baş verirdi. Hətta ittihamda belə 2 qanun pozuntusunu qeyd etməyə məcbur qaldılar. Qanunsuz sahibkarlıq ümumiyyətlə, tutarlı bir səbəb deyil. Çünki mənim biznesim yoxdur, nə də sahibkarlıq fəaliyyətim. Mənim həbsimdən bir neçə ay öncə Vergilər Nazirliyinin yoxlaması olub, akt bağlayıb. Akta görə, mənim heç bir vergi borcumun olmadığı sübuta yetirildi. Amma Azərbaycan hüquqi dövlət olmadığı üçün mənim həbs olunmağımda bunlar az rol oynadı. Daha çox beynəlxalq qurumların basqısı həbs qətimkan tədbirinin dəyişdirilməsində mühim rol oynadı. O da həmin dəqiqə icra olunmadı. 1 ay sonra mən azadlığa çıxdım, 1 il ərzində ölkədən çıxışıma qadağa qoyuldu. Yeri gəlmişkən, bu ayın 7-də həmin cinayət işi ilə bağlı Avropa Məhkəməsinin son qərarı oldu. 18-ci maddə ilə mənim hüquqlarımın pozulması təsbit edildi. Mən siyasi fəaliyyətimə görə həbs edilmişdim. Avropa Məhkəməsi Azərbaycan hökumətindən tam bəraətimi istəyir. Yaxın zamanlarda Ali məhkəmə bununla bağlı yekun qərarını verəcək.

- Hakimiyyət cavan futbolçulara şans verir, müxalifət isə veteran. Müxalifət veteranlarla oyunda cavan komandaya tab gətirə biləcəkmi?

- Bəzən elə olur ki, gənc futbolçuların komandada olması dinamika yaradır, amma təcrübəsizlikdən doğan səhvlərə də yol verilir. Əgər gənc oyunçu sürətlidirsə, yaxşı oynaya bilər, amma elə olar ki, öz qapısına qol vurar. Daha təcrübəli oyunçular sürəti çatdıra bilmir, fiziki cəhətdən çox zəif olur, lakin bəzən müdrik qərarlar verərək, qol ötürməsi edərək lazım olan anda, qol da vura bilir. Komandada gəncləşmə daha yaxşıdır, ən azından, dinamika artırır. İndiki halda da hakim partiyanın gəncləşdirmə siyasəti normal qarşılanmalıdır. Çünki bu çoxdan gözlənilən proses idi. Ancaq hakimiyyətin gəncləşdirmə siyasəti xoşniyyətdən yox, zərurətdən doğdu. Hakimiyyətin köhnə oyunçuları o qədər yerindən tərpənməz, hərəkətsiz vəziyyətdə qaldı ki, onların əvəz olunması zərurət yaratdı. Təəssüf ki, müxalifətdə yenilənmə çox ləng gedir. Obyektiv səbəbi odur ki, müxalifət partiyaları 25 ildə ciddi uğur qazanmadığı üçün cəlbediciliklərini itiriblər. Gənc insanlar da bu partiyada uğur qazanacağını düşünmədiyi üçün başqa fəaliyyət növləri ilə məşğul olmağa başlayır, siyasətə maraqları azalır. Subyektiv səbəb isə ondan ibarətdir ki, yaradılmış siyasi partiyaların böyük əksəriyyəti şəxslər üzərində qurulmuşdu. Amma nəsil dəyişmi olub deyə, yeni nəsil bu strukturu qəbul etmir. Bu gün müstəqillikdən sonra anadan olanların artıq 30 yaşı var. Bu yeni nəsil öz təmsilçilərini həm müxalifətdə, həm iqtidarda görmək istəyir. Onlar öz təmsilçilərini görmədiklərinə görə iqtidardan da narazıdır, müxalifətdən də narazıdır. Tez-tez bizi günahlandırırlar ki, REAL müxalifətin birliyinə mane olur. Bu tamamilə absurddur. Bizim başqa fikirlərimiz, yanaşmamış var. Bunlar olmasaydı, REAL heç yaranmazdı, öz fəaliyyətimizi gedib o partiyalarda davam etdirərdik. Ona görə də yenilikərin müxalif partiyalara da gəlməsinə ehtiyac var.

- Premyer Liqamızda illərdir, azarkeş sayı azalır. Bu nə ilə əlaqədardır?

- Marka dəyəri yoxdur. Marka dəyəri həm komandaların özündən, həm infrastruktur, həm də futbola kommersiya kimi baxmaqdan asılıdır. Əgər bir çempionatda komandaların çoxu AFFA tərəfindən maliyyələşirsə, o çempionatda nə rəqabət olacaq, nə marka dəyəri, nə də azarkeş. Beynəlxalq oyunlarımıza maraq var, amma çempionata yox. Danışılmış oyunlar haqqında danışılması da azarkeşlərin azalmasına səbəb olan amillərdəndir. AFFA da, klublar da marağın artırılması yolunda çalışmalıdır. Əgər sabah məmur dəstəyi futboldan əl çəksə, Azərbaycan çempionatə çökəcək. Ölkə çempionatı tamamilə dayandırılacaq. Hətta biz dünya kanallarına desək ki, oyunları pulsuz veririk, gəl, göstər, heç kim göstərməz. Məsələn, İngiltərə, İspsniya çempionatı tək onlar üçün deyil, bütün dünya baxır. Sponsor anlayır ki, böyük klublara sponsorluq etsə, ona xeyir gələcək. Azərbaycanda bunlar yoxdur. Azarkeş sayı da azdır. Buna görə də hansısa xarici şirkət niyə Azərbaycan komandasına sponsorluq etsin? Hansı məntiqlə? Onun verdiyi pul nə vaxt geri dönəcək? Heç vaxt.

- 2005-2015-ci illə ərzində dövlət futbolun inkişafına dair dövlət proqramı qəbul edildi, futbola xeyli pul ayrıldı. Amma 2005-ci ildə yüksək liqamızda 18 komanda mübarizə aparırdısa, hazırda bu rəqəm 8-ə düşüb. Sizcə, hansı iqtisadi səhvlər oldu ki, belə hal yaşandı?

- 18 komanda olan dövrdə hər məmurun bir komandası vardı. Yarı biznesmen, yarı məmur olan şəxslər futbol komandası yaratmışdı 2015-ci ildə manatın dəyərdən düşməsindən sonra biznes imkanları daraldı, futbolun daha böyük pul yatırılan bir sahəyə çevirilməsi həmin insanların marağını azaltdı. Beləcə, komanda sayı azaldı. Hazırda 8 sayda komandanın olması süni göstərişdir. Mən 5 komandanın AFFA-dan maliyyələşdiyini bilirəm. Siz təsəvvür edin, sizin iki komandanız var, onlar bu gün rəqib kimi oynayır. Burada sizin marağınız nədir? Hansı udsa, siz udacaqsız. Süni şəkildə 8 komanda saxlamaq çempionatımız var demə şəkilidir. Bunun başqa çıxış yolu da Bakıdan başqa şəhər klublarının yaradılmasına çalışmaqdır. “Xəzər Lənkəran” bu yolla getməyə çalışdı, onun problemi o idi arxasında bir iş adamı dayanmışdı və ayırdığı pullara nəzarətsiz xərcləmə mexanizmi qurulmuşdu, bunu da yaxın qohumları edirdi. “Xəzər Lənkəran” bir uğura imza ata bilmədi. Çempionatda yaxşı çıxış etdi, amma ciddi uğur qazana bilmədi, məktək qura bilmədi. Şəhər klubları yaransa, oradakı iş adamları sponsorluq etsə, onda çempionat yaranacaq.

Müəllif/foto: Naibə Məmmədova

Mənbə: yenisabah.az