BOK və “Airbnb” şirkəti 500 milyon dollarlıq kontrakt imzalayıblar

BOK və “Airbnb” şirkəti 500 milyon dollarlıq kontrakt imzalayıblar

Bakı, 18 noyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və mənzil kirayəsi üzrə onlayn “Airbnb” şirkəti 2028-ci ilədək əməkdaşlığa dair 500 milyon dollarlıq kontrakt imzalayıblar. Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC “Insidethegames” portalına istinadla xəbər verir ki, “Airbnb” bununla Coca-Cola, Samsung, Visa, P&G, Panasonic, Alibaba, Atos, Bridgestone, Dow, General Electric, Intel, Omega və Toyota kimi şirkətlərlə yanaşı 14-cü aparıcı olimpiya sponsoruna çevrilib. BOK şirkətə Olimpiya və Paraolimpiya Oyunlarında iştirak edən atletlər üçün 28 milyon dollarlıq mənzil ayrılacağını vəd edib. Sazişin əsas hissəsi səyahətçilərə məşhur idmançılarla məşq etmək və onlarla birlikdə şəhərləri gəzmək imkanı verən “Airbnb Olympian Experiences” proqramının həyata keçirilməsindən ibarətdir.

BOK-un prezidenti Tomas Bax deyib: “Bu innovativ tərəfdaşlıq Olimpiya oyunlarının səmərəli keçirilməsinin təmin edilməsi və ev sahibliyi edən tərəfə miras qoyulması üzrə bizim yeni strategiyamıza əsaslanır”.

Şirkətin həmtəsisçisi Co Qebbia imzalanma mərasimindən sonra qeyd edib: "Airbnb”nin missiyası hər bir insanın istənilən yerdə yaşamasını təmin edəcək bir dünya yaradılmasıdır. Biz fəxr edirik ki, bizim icma Olimpiya ruhunu yaşadacaq”.

TASS agentliyinin xəbərinə görə, “Airbnb” ilə əməkdaşlıq şəraitində beş Olimpiya oyunu keçiriləcək. Onların arasında 2022-ci ildə Pekində, 2026-cı ildə İtaliyanın Milan və Kortine-d”Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya oyunları, habelə 2020-ci ildə Tokioda, 2024-cü ildə Parisdə və 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunları da var.

Mənbə: azertag.az