“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti sabiq futbolçusu, Portuqaliya millisinin və Səudiyyə “Əl-Nəsr”inin hücumçusu Kriştiano Ronaldonun tarixi uğurundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
O, 39 yaşlı forvardın karyerasında keçirdiyi rəsmi matçlarda ümumilikdə 900-cü qolunu vurmasını belə şərh edib:
“O, peşəkardır. Ronaldo futbol tarixinin ən yaxşılarından biridir. Əfsanə, əsl peşəkar və nümunə... O, digər oyunçular tərəfindən yüksək qiymətləndirilən fantastik komanda yoldaşı idi”.
Xatırladaq ki, Ronaldo tarixdə rəsmi matçlarda 900 qol vuran ilk futbolçu olub. Kriştiano “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, millidə isə 131 qol vurub.
Ronaldo 2009-2018-ci illərdə “Real” formasını geyinib. Ançelotti isə 2013-2015-ci illərdə bu komandanı çalışdırıb. Mütəxəssis 2021-ci ildə yenidən “Real”a qayıdıb və hazırda da Madrid təmsilçisinin baş məşqçisidir.
Mənbə: qafqazinfo.az