Morinyu: Keçdiyim klubların pijamasını geyinib onunla yatıram

Morinyu: Keçdiyim klubların pijamasını geyinib onunla yatıram

İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi Juze Morinyu yenə maraqlı açıqlamaları ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, 56 yaşlı çalışdırıcı sabiq klubu “Mançester Yunayted”dən özünə iş yeri tapdığı üçün çoxlu təbrik aldığını bildirib.

Morinyu özünün Portuqaliyanın “Portu”, İtaliyanın “İnter” və İspaniyanın “Real” klublarındakı nəticələrinə görə azarkeşlər tərəfindən “Mister Klub” adlandırılmalı olduğunu söyləyib:

“Məncə, onlar məni “Mister İnter”, “Mister Real Madrid”, “Mister Portu” kimi görürlər. Düşünürəm ki, onlar məni “Mister Klub” kimi görməlidirlər. Bu, o deməkdir ki, getdiyim hər bir klubda uğura nail olmuşam. Kluba keçəndən o komandanın pijamasını geyinirəm, hətta onunla yatıram. Mən klub adamıyam, ancaq çoxlu klubun”.

Daha sonra ona “Çelsi”də işlədiyi vaxt əzəli rəqib “Tottenhem”ə keçməyəcəyini bildirdiyi xatırladılıb. Morinyunun cavabı özünəməxsus olub: “O vaxt “Çelsi”dən qovulmamışdım”.

Qeyd edək ki, Juze Morinyunun debüt matçı sabah İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində “Vest Hem”lə baş tutacaq London derbisinə təsadüf edəcək. Həmin görüş turun açılış matçı kimi Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Mənbə: www.oxu.az