Bakıda alpaqut üzrə dünya çempionatı keçirilir

Bakıda alpaqut üzrə dünya çempionatı keçirilir

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb.

Oxu.Az xəbər verir ki, çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparır.

Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.

Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə I dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olub. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüb.

Millət vəkili Nizami Cəfərovun prezidenti, digər deputatımız Qənirə Paşayevanın I vitse-prezidenti olduğu Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib.

Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.

Səbuhi Musayev

Mənbə: www.oxu.az