Ayxan Abbasov: "Bizi sevindirən odu ki..."

Ayxan Abbasov: "Bizi sevindirən odu ki..."

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 12-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib.

O, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. "Qarabağ" çempionatımızın lideri idi. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissədə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq.

Fasilədən sonra bir əvəzetmə etdik. Səbuhi Allahverdizadəni meydana buraxdıq. İlk hissədə yarımmüdafiədə aqressiya çatışmırdı. Bir az da taktiki dəyişiklik etdik. Bu oyunu gözləyirdik. "Qarabağ" topa sahib olan komandadı. Topa sahib olan zaman itki baş verəndə boşluqlar olur. Futbolçular çalışdığımızı meydanda göstərdilər.

Son oyunlarda hesabda geri düşsək də, məğlub olmuruq. Premyer Liqada bütün komandaların fiziki hazırlığı hardasa eynidi. Əsas psixoloji məqamdı. Bizi sevindirən odu ki, geri düşsək də, məğlub olmuruq, sona qədər mübarizə aparırıq”.

Abbasov dubla imza atan Peyman Babayinin çıxışına da qiymət verib: "Peyman gələndən çox fərqlidi. Onda perspektiv görmüşük. Əvvəl çatışmazlıqları çox idi. İndi taktiki cəhətdən düz oynayır. Qol imkanlarını dəyərləndirə bilməmək hər futbolçuda olur. İki hücumçumuz bombardirlər siyahısında yer alıb. Bu, sevindirici haldı”. (Matc.az)

Mənbə: fanat.az