“Sabah”ın honduraslı hücumçusu: “Etiraf edirəm ki, yaxşı çıxış etmirəm”

“Sabah”ın honduraslı hücumçusu: “Etiraf edirəm ki, yaxşı çıxış etmirəm”

“Çox çətin, ağır bir oyun oldu. Birinci hissədə yaxşı mübarizə apardıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın futbolçusu Rocer Roxas deyib.

29 yaşlı honduraslı hücumçu Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”yə 0:2 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, standart vəziyyətdən qol buraxmaq toparlanmalarına mane olub: “Çox təəssüf ki, hissənin sonlarında standart vəziyyətsən sonra qol buraxdıq. Bundan sonra oyun tamamilə dəyişdi. İkinci hissədə çox sayda boşluqlar verdik. Çünki hesabda bərabərlik yaratmaq istəyirdik. Bundan da “Neftçi” istifadə etdi və əks-hücumda bizi yaxaladı. Hamımız irəli atıldığımızdan yararlandı. Bu da futbolun bir hissəsidir”.

R.Roxas “Sabah”ın mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib: “İlk oyunlarımız yaxşı başlamadı. Lakin sonradan nəticələrimiz bir az müsbətə doğru getdi. Bu matç bizim üçün çox vacib idi. Xal götürsəydik, yuxarı pillələrə yaxınlaşa bilərdik. “Neftçi” yaxşı komandadır. Biz ölkənin ən yaxşı komandasına qalib gələ bilərdik. Bəlkə də ev oyunlarında bir az gərginlik olur. Çalışmalıyıq ki, qış fasiləsindən sonra həm ev, həm səfər matçlarında daha çox xal toplayaq. Bunu etməsək, nəticəsi ağır olar. Xüsusilə də evdə daha stabil oynamağa çalışmalıyıq”.

Forvard öz oyunu, qol vura bilməməsi barədə də danışıb: “Cavabını bilsəydim deyərdim. Çox güclü çempionatdır. Bunu bəxtsizliklə də əlaqələndirərdim. Mən meydana daxil olanda həmişə biz geridə oluruq. Rəqib də daha çox geriyə çəkilir. Boşluğu sevən oyunçuyam və belə sıx müdafiə ilə üzləşəndə irəliləməyə imkan olmur. Bu gün də eyni hal yaşandı. Mən daxil olanda rəqib mərkəz müdafiəçisini meydana buraxıb 5 arxa xətt oyunçusu ilə mübarizə apardı. Top ayağıma cəmi 4 dəfə dəydi. Özünü tənqid eləməyi bacarmaq, sadə olmaq lazımdır. Etiraf edirəm ki, yaxşı çıxış etmirəm. Lakin hücumçu oynamalıdır. Bəzi matçlarda 5, bəzisində 30 dəqiqə oynamışam. Bu da məşqçinin seçimidir, hörmətlə yanaşmalıyıq. Meydandakı komanda yoldaşıma dəstək olmalısan çalışıram”.

R.Roxas Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə görüşləri haqda fikirlərini açıqlayıb: “Bu, çox vacib oyunlardır. Deyərdim ki, ölüm-dirim matçlarıdır. Kubok dueli 2 qarşılaşmadan, 180 dəqiqədən ibarətdir. Bu görüşlərdə ağıllı hərəkət edib kubokda irəliləməliyik. Səfərdə evdəkindən daha yaxşı oynayırıq. Ona görə də rəqib meydanından yaxşı nəticə ilə dönnəliyik”.

Honduraslı legioner qışda komandanı tərk edib-etməyəcəyinə də aydınlıq gətirib: “Komanda ilə müqaviləm var. Gələn ilin mayına qədər buradayam. Ümid edirəm ki, başqa fikirlər olmayacaq”.

Mənbə: apa.az