Rəşad Quliyev: “AZE Naxçıvan” klubu Azərbaycanın Avropaya açılan futbol qapısı olacaq

Rəşad Quliyev: “AZE Naxçıvan” klubu Azərbaycanın Avropaya açılan futbol qapısı olacaq

Bakı, 10 dekabr, AZƏRTAC

Uzun zamandır Avropada Azərbaycana aid futbol mərkəzinin yaradılmasına ehtiyac var idi. Bu ehtiyacdan yola çıxaraq Almaniyada “AZE Naxçıvan” (Köln) klubunu təsis etdik. Klubu yerli mütəxəssislərlə müzakirələrdən sonra yaratdıq. İki il əvvəl klubun təsis iclası keçirilmişdi və sənədləri qeydiyyata təqdim etmişdik. Köln Şəhər Məhkəməsinin noyabrın 5-dəki qərarına əsasən, klub qeydiyyata alındı. Sonra biz sənədləri Almaniya Futbol Federasiyasına göndərdik. Artıq onların rəsmi cavabını gözləyirik.

Bu sözləri Almaniyada yaradılan “AZE Naxçıvan” klubunun təsisçisi Rəşad Quliyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“AZE Naxçıvan”ın “JSV 96” klubunun bazasında yaradıldığını deyən R.Quliyev bildirib ki, “JSV 96”nın rəhbəri vaxtilə bu komandada çıxış etmiş Aydın Karacadır. Məhz onun təklifi əsasında və imkanlarımız daxilində klubu formalaşdırdıq. Qarabağ, Bakı, Neftçi və müxtəlif adlar müzakirə olundu. Sonda qərara gəldik ki, muxtar respublikanın beynəlxalq sferada komandası yoxdur və “Naxçıvan” adını seçdik. Fikirləşdik ki, bu ad həm futbola, həm də ölkəmizin təbliğinə xidmət edəcək. Futbol özlüyündə ən yaxşı təbliğat vasitəsidir. “Qarabağ” artıq Avropada bir brend olaraq qəbul olunub və hamı tərəfindən tanınır. Ağdam təmsilçisinin avrokuboklarda uğurlu çıxışı həmişə Avropa ölkələrində də maraqla qarşılanır.

“Komandanın İdarə Heyəti futbol mütəxəssislərindən təşkil olunub. Heyətdə alman və türk mütəxəssislərlə yanaşı, digər ölkələrdən də peşəkarlar yer alıblar. Buna misal olaraq qanalı Nana İsaakı göstərə bilərəm. Vaxtilə “Əskişəhərspor”dan Almaniya komandasına transfer olan İsaakın hazırda ölkəsində futbol məktəbi fəaliyyət göstərir. Əsas məqsədimiz klubun əsasında futbol akademiyasının yaradılmasıdır. Azərbaycan və digər ölkələrdən futbolçuların yetişməsinə yeni imkanlar açmaq istəyirik. Sanki Avropa və Azərbaycan futbolu arasında körpü rolunu oynayaq”, - deyə R.Quliyev əlavə edib.

“AZE-Naxçıvan”nın təkcə Almaniyada fəaliyyət göstərməsini düşünmədiklərini bildirən R.Quliyev qeyd edib ki, biz Qərbi Avropanın tam mərkəzində yerləşirik. Bizim olduğumuz şəhər Niderland, Lüksemburq və Belçikadan 70 kilometr məsafədə yerləşir. Fransa və Danimarka ilə də yaxınıq. Biz digər futbol məktəbləri ilə də əlaqələr yaradacaq və əməkdaşlıq edəcəyik. “Ayaks”, “Anderlext”, “Brügge” və digər nəhəng klubların akademiyaları ilə qarşılıqlı təcrübə mübadiləsi aparacağıq.

Ümumilikdə Almaniyada Azərbaycana qarşı böyük rəğbət var. Onlar almanların Azərbaycana miqrasiyası barədə xəbərdardırlar. 2017-ci ildə keçirilmiş Dünya Azərbaycanlıları Forumunda Köln şəhər bələdiyyəsinin rəhbəri Hans Verner Bartş şəxsən iştirak etmişdi. Ölkələrimiz arasındakı əlaqələr haqqında forumda ona geniş məlumat verilmişdi. Məhz şəhər bələdiyyəsi rəhbərliyinin göstərişi ilə kluba böyük bir futbol kompleksi verilib. Əslində, buna Almaniyada icazə verilmir. Ancaq Köln şəhər bələdiyyəsi bunu istisna hal kimi nəzərə alıb. Kompleksə stadion və dörd meydança daxildir. Kompleksin saxlanması üçün lazım olan məbləğ məhz Köln şəhər bələdiyyəsi tərəfindən ödənilir. Onlar imkan yaratdılar ki, biz stadionda loqomuzu asdıq. Klubun loqosundakı dağ Naxçıvandakı İlandağı simvolizə edir. Rəvayətə görə, həmin dağa Tanrıdağı da deyilir.

R.Quliyev bildirib ki, Almaniya futbol liqalarında iştirak etmək üçün ilk öncə klub federasiyaya büdcəsini təqdim etməlidir. Həvəskar liqada oynadıqda belə, xüsusi büdcə olmalıdır. Oyunların təşkili, səfər matçları, komandanın forması və digərləri maliyyə tələb edir. Federasiya tərəfindən futbol qaydalarına ciddi riayət edilməsi tələb olunur. Yeni mövsüm üçün gücümüzü toplayacaq və sponsorlarla danışıqlar aparacağıq. Əsas məqsədimiz uşaq futbolu ilə başlamaqdır. Biz “Ayaks”ın strategiyasını özümüzə prioritet seçmişik. Çünki “Ayaks”da uşaq futbolunun inkişafına böyük önəm verilir. Almaniyada yaşayan azərbaycanlıların övladlarını və digər istedadlı uşaqları akademiyaya cəlb etməyi düşünürük. Hazırda ikinci liqada çıxış edən “Viktoriya Köln” komandasının sabiq məşqçisi ilə danışıqlar gedir. Çalışırıq ki, ona komandaya cəlb edək və peşəkar mütəxəssislərin rəhbərliyi altında istedadlı futbolçular yetişdirək.

“Biz yerli təmsilçiliklə bağlı Dünya Mini-futbol Federasiyasına müraciət etmişdik. Heç bir liqada iştirak etmədiyimizə baxmayaraq, bu status bizə həvalə edilib. Artıq sənədləşmə prosesi gedir. Klubumuz Almaniyada beynəlxalq qurumun təmsilçisi olacaq və 2021-ci ildə keçiriləcək dünya çempionatına qatılmağı düşünürük”, - deyə klub rəsmisi əlavə edib.

AFFA-nın baş katibi Elxan Məmmədovla klubun yaradılması ilə bağlı fikir mübadiləsi apardığını xatırladan R.Quliyev qeyd edib: “Təşəkkürümü bildirirəm ki, təşəbbüsümüzü çox müsbət qarşıladı. Bakıda olmadığı üçün görüşə bilmədik. Bundan sonra AFFA ilə mütəmadi qaydada əlaqədə olacağıq. Futbol veteranı Vaqif Cavadovla maraqlı görüşümüz oldu. Futbol mütəxəssisi olaraq onun fikirlərinə çox ehtiyacımız var. Azərbaycanın yerli klubları ilə hələ əlaqə yarada bilməmişik. Ancaq bu istiqamətdə işlər gedir. Gələcəkdə onların skaut prosesinə, həmçinin futbol bazamızda təlim-məşq toplanışı keçmələri üçün geniş imkanlar açacağıq. Təkcə Kölndə deyil, digər şəhər və ölkələrdə də hazırlıq proseslərinin təşkilinə imkanlarımızı səfərbər edəcəyik. “AZE Naxçıvan” Azərbaycanın Avropaya açılan futbol qapısı olacaq. Ümumiyyətlə, futbol sülh və dostluğun carçısıdır”.

Mənbə: azertag.az