"Zirə"nin oyunçusu Təmkinə çatdı

"Zirə"nin oyunçusu Təmkinə çatdı

Azərbaycan Premyer Liqasının 14-cü turunda baş tutan "Səbail”lə oyun Nicat Süleymanovun dublu ilə əlamətdar olub.

Fanat.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi vurduğu iki qolla "Zirə”nin 4:1 hesablı qələbəsinə töhfə verib.

Bu, Nicatın "qartallar”ın heyətində ikinci dubludur. Hər iki uğuruna cari mövsümdə Premyer Liqada imza atan futbolçu öncə "Sabah”la oktyabrın 26-da keçirilən səfər matçında (2:2) fərqlənib.

Süleymanov "Zirə”nin heyətində Premyer Liqada ən çox dubl edən yerli futbolçu adına şərik olub. O, 2017/18 mövsümündə iki oyunda bunu reallaşdıran Təmkin Xəlilzadəyə çatıb.

Klub tarixinin rekordçuları isə salvadorlu Nelson Bonilya və paraqvaylı Xulio Sezar Rodriqezdir. Onlar hərəyə üç oyunda iki qol vurublar. "Qartallar”ın heyətində Premyer Liqada dubl edən digər 7 futbolçu isə bir dəfə bunu bacarıb. Ümumilikdə isə "Zirə”nin futbolçuları indiyədək Premyer Liqa görüşlərində 17 dubla imza atıblar.

Fanat.Az

Mənbə: fanat.az