"Sona qədər şansımızı qorumaq üçün bu gün əlimizdən gələni etdik, qələbə qazandıq. “Qəbələ” isə öz meydanında 2 xal itirsə də, bu, bizim üçün kifayət etmədi. Yekunda xallarımız bərabər olsa da, avrokuboklardan kənarda qaldıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 36-cı - sonuncu turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Sadıqov komandasının avrokuboklardan kənarda qalmasının səbəbləri barədə bunları deyib: “Buraxdığımız uşaq səhvləri həlledici oldu. Düzdür, sona qədər mübarizə apardıq, futbolçularda istək var idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik, lakin bu, baş vermədi. İstənilən halda bu mövsümə görə futbolçularıma təşəkkür edirəm. Təbii ki, nəticənin daha yaxşı olmasını istərdik”.
O, yeni mövsüm üçün heyətdə dəyişikliklər olacağını bildirib: “Rəhbərliklə görüşümüz olacaq. Gələn mövsümün planları ilə bağlı ətraflı müzakirə aparacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək”.
Sadıqov komandasının aparıcı üzvü Hamidu Keytanın “Qarabağ”a keçidini təsdiqləyib: “Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Artıq tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid olar”.
“Zirə”nin çalışdırıcısı “Sumqayıt”la görüşdə dubl edən Rəhim Sadıqovun çıxışına da toxunub: “Rəhim bir çox oyunlarda da bugünkü kimi uğurlu çıxış edirdi. Amma nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, təkbətək epizodlardan yararlana bilmirdi. Ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi. Ön xətdə məhsuldarlığımız az idi, müdafiədə isə etibarlı çıxış edə bilmirdik. Bütün bunların nəticədə yekunda beşinci yeri tutduq. Mövsümboyu hücumçu baxımından əziyyət çəkdik. Bəzən məcburiyyətdən Rəhim Sadıqovu hücumçu kimi oynayırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik”.
O, cari mövsümü özü üçün uğursuz hesab etdiyini bildirib: “Qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər. Bu səbəbdən də ilk üçlüyə düşmək çətin idi. Amma əsas hədəf dördüncü yer idi. 51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım. Daha yaxşı və stabil çıxış etməliydik. Gələn mövsüm üçün güclənməliyik. Yeni mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk”.
Mütəxəssis “Ən çox heyifsiləndiyiniz oyun hansı oldu?” sualını belə cavablandırıb: “Ən yaddaqalan “Qəbələ”yə qarşı matç idi. Səfərdəki matçda 90+4-cü dəqiqədə Ülvi İsgəndərov meydanın mərkəzindən qol vurdu. Düşünürəm ki, həmin oyun həlledici oldu. Həmin vaxt “Qəbələ”dən öndə idik. Xal fərqini qorusaydıq, sonluq fərqli alınardı”.
Rəşad Sadıqov bu mövsümün onun üçün yaxşı təcrübə olduğunu söyləyib: “Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdır. Əgər mövsümün əvvəli müəyyən mövqelər üçün oyunçu tapa bilmirsən, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsüm boyu əziyyətini çəkəcəksən. Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdir. Nəyisə tələb edə bilərsən, icra olunmursa, tələbin də mənası qalmır. İndi bütün bunlardan nəticə çıxardıb, komandanı daha da gücləndirmək lazımdır”.
Mənbə: qol.az