Asan futbol...

Asan futbol...

Tahir Süleymanov

Böyük futbolda ən çətini sadə, asan futbol oynamağı bacarmaqdır... Bunun üçün fiziki hazırlıqla, güclə yanaşı nəzəri, strateji, taktiki, texniki biliklərə yiyələnmək lazımdır. Psixoloji möhkəmlik, mübarizlik, inam, qələbə ruhu da öz yerində...

Müasir Azərbaycan futbolunda "hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" məşhur kəlamı, məhv edilən futbolun iliyinə kimi işləyib. Özü də tərsinə... Peşəkar, həvəskar futbolla kütləvillik qarışıb bir-birinə...

Siyasətdə olduğu kimi, dünya futbolunda da at oynadanlara "necə oynamaq lazımdır" nəzəriyyəsi gecə-gündüz isbatlanır. Öz futbolumuz, əsasən də bölgə futbolumuz isə imdad eləyir...

Burada, insanların, kütlənin heç bir günahı yoxdur. Cəmiyyət artıq belə "yetişdirilir", futbolçularımız kimi... "Heç nə düzələn deyil" təfəkkürü də beyinlərə yeridilərək ictimaiyyətdə daxili biganəliyə, laqeydliyə gətirib çıxarır...

Futbolun bir üstünlüyü var: Kabinet oyunları oynanılsa da, hər dəfə yaşıl meydana, xalqın qarşısına çıxmaq məcburiyyətində qalınır. Nəticədə birtəhər müdafiədə oturub az top buraxaraq, millətə məğlubiyyət psixologiyası aşılanır, inandırmağa çalışılır...

Beləcə illər ötür, isti yerlər, kreslolar qorunur, zaman, vaxt udulur. Sadə, asan futbolu təşkil etmək, oynamaq üçünsə, dərin beyinlər gərəkdir. Elə düşüncə dərinliyinin zirvəsindən keçən sadəlik - kamilliyin özü deməkdir! Kamil insanlar olan yerdə isə, hər zaman uğura aparan yol olur...

Bütün sahələrdə əsaslı, doğru təhlillər aparılmadan zirvə yolunun gedilməsi mümkünsüzdür. Təşkilati, İdarəçilik baxımından da sahələrin spesifikasını bilməklə, nəzərə almaqla sistemin, işlək mexanizmin yaradılması oxşardır, eynidir...

Azərbaycanda uğurlu sistemin qurulması ilə bağlı, futbolumuzla "ASAN xidmət"in paralelliyini aparaq. Azərbaycan futbolunda xəyal görünən qrupun qazanıldığı illə yeni sistemin yaradılması üst-üstə düşdü. Son 7-8 ildə futbol çökdükcə, asanlar möhtəşəm inkişaf yolunu qət etdi...

Köhnə təfəkkür, bürokratik əngəllər, kabinetlərdən gələn "gözlə" sədaları, labirintə salınmış insanlığa, mənəviyyata sığmayan idarəçilik üsulları, "əlin cibində olsun" beyinləri fonunda xalqa xidmət etmək, insana İNSAN münasibəti göstərmək, cəmiyyəti inandırmaq, həyatını asanlaşdırmaq, hər bir vətəndaşa ayrı-ayrılıqda xidmət etmək asan məsələ deyildi...

Ortaya mükəmməl iş, səviyyə qoyuldu. Elə ən çətini də sadə futbol oynamaq kimi asan xidmət göstərməkdir. Deməli, mümkünsüz heçnə yoxdur. Bunun üçün niyyət təmizliyi, "Azərbaycanda nə vaxt səviyyə(futbol) olub ki" nağıllarından uzaq durmaq, xalqı düşünmək təfəkkürü, mənəviyyatı, qurub-yaratmaq eşqi, əsl peşəkarlıq səviyyəsi gərəkdır...

Futbola 15 ildə yatırılan milyard dollardan yuxarı vəsait asanlara ayrılmayıb. Federasiya ictimai qurum olsa da, hər iki sahəyə birbaşa dövlət qayğısı var. Fərq - birində heç bir bazası olmayan, əksinə, bataqlıqda olan xalqa qulluq sahəsinin sıfırdan başlayaraq mükəmməlliyə gətirilməsi, digərində futbolu, köhnə-yeni yaradılmış infrastrukturu, futbolun özünü məhvə sürükləmək...

Gəncə, Mingəçevir, Bərdə, İmişli, Masallı, Sumqayıt, Quba, Sabirabad, Şamaxı, Şəki... Növbədə digər bölgələrdir. Futbolda isə bölgələrdən paytaxta qaçılır. Bakı, Lənkəran, Zaqatala, Yevlax, Imişlidə inşa edilmiş müasir stadion-bazalar qan ağlayır. Təsəvvür edin, sabah Imişlidə "ASAN xidmət" öz fəaliyyətini dayandırır...

Futbol hara, "ASAN xidmət" hara, düşünülə bilər. Fərq etməz, istənilən sahədə idarəçiliyin vahid mexanizmi və öz tələbləri var. Bunlar yerində olanda, inkişaf da, qələbələr də özünü gözlətmir. Hər iki sahənin ümdə vəzifəsi də millətə qulluq etməkdir...

Futbol azarkeşlər üçün oynanılır.

"Futbol biznes"dir deyimi dillər əzbəri olub. Azarkeş/alıcısız, boş tribunalar önündə nə biznes olmur, nə də düz-əməlli futbol oynanılmır. Futbol industriyasının mərkəzində də, elə, səviyyəli futbolla yanaşı milyonlarla azarkeşin özü durur....

Mükəmməl sadə futbolu, insanlara hörməti, şəraiti təmin etməlisən ki, futboldan pul qazanılsın, milyardlarla vəsait dövriyyədə olsun. Əks halda heç bir sponsor, televiziya, reklam bazarı yaxın durmaz. Boş tribunalar qarşısında ancaq xalqın, dövlətin milyonlarını havaya, ciblərə sovurmaq olar...

Azərbaycan futbolunda yaradılan şəraitin qarşısında utanılmır, xalq/azarkeşin deyil, kabinetlərdəkilərin komfortu düşünülür. Tupikə düşəndə də futboldan, yağlı həyatdan əl çəkilmir, nizamnamə dəyişiklərinə gedilir. Futbola qulluq üçün yox, rəvan həyatlarının davam etdirilməsinə görə...

Asanların nizamnamə/əsasnamələrində isə kabinetdəkilərin rifahından öncə xalqa qulluq, davranış qaydaları, nəvaziş, qayğı və digər mühüm peşə/mənəvi tələblər incəliyinə kimi qanunlaşdırılıb. Stadionlarda tribunalar boşaldıqca, 10 milyonluq ölkədə asanların qapısını artıq 35(!) milyon insan açıb...

Futbolda "yerli mütəxəssislər yoxdur" cəfəngiyyatı ilə əcnəbi sevgisi tüğyan edir. Bu, tək futbola deyil, milli maraqlara, dövlətçiliyə də ziddir, düşmənçilikdir. ASAN-da isə yerli kadrlara üstünlük verilərək özündən dünyaya səs etdirilir. Futbol dili ilə deyilsə, liderlərdən biridir artıq...

Futbolda elə bir mühit yaradılıb ki, azarkeş özünü məğlub edilmiş, əzilmiş hiss edir, ASAN-da vətəndaş özünün İNSAN zirvəsini, mədəniyyətini görür, müsbət enerjisini, xalqına güvənini qazanır, sabaha inamını artırır...

Futbolda 90 dəqiqə ərzində meydanda "topun oyunda olma vaxtı" 60-65 dəqiqədən yüksək olmalıdır. Çempionat oyunlarında bunlar ümumiyyətlə araşdırılmır, "piyada" oyunlar gedir, meydanda "yatılır". ASAN da vətəndaşa orta hesabla 19(!) dəqiqəlik xidmət müddətinin daha da aşağı salınması üzərində iş aparılır...

Futbolda başbilənlər azarkeşləri "kənar şəxs", "yerimizə göz tikənlər" adlandırır, mütəxəssis, jurnalistləri "dırnaqda" görür, haqlı tənqidləri qərəz kimi qəbul edir. ASAN-da onsuz da mükəmməl görülən işlərin daha da təkmilləşdirilməsi üçün 6-7 xətt üzrə vətəndaşlardan şikayət və təkliflərin qəbulu təşkil olunur, buna uyğun dəyişikliklər edilir...

Futbolda, futbolun özü mütəxəssilərin üzünə bağlanır, tribunalarda azarkeşlər incidilir, obyektiv müzakirələrdən qaçılır, kabinetlərdə sənəd-kağız, lisenziyalaşdırma oyunları oynanılır, ASAN-da vətəndaşa quçaq açılır, sənəd qəbullarının sıfıra endirilməsi, bir şəxsiyyət vəsiqəsinin kifayət edəcəyi yönündə əməli addımlar atılır...

Futbolda sadə, asan futbol oynamaq əvəzinə "top çilənilir", yararsız layihələrdən eddilər "yetişir", klublar dağılır, iş yerləri bağlanır, ASAN-da günü-gündən yerli kadrlarla yeni-yeni sahələr üzrə iş yerləri açılır, layihələr hazırlanır, vətəndaşın rahatlığı, rifahı düşünülür...

Futbolda sadə, asan oynanıla biləcək futbol kabinetlərdə mürəkkəbləşdirilib, labirintə salınıb, ASAN isə dünənə kimi mümkünsüz görünən "yekəqarın kresloluların" qarşısında əzilməkdən, alçalmaqdan vətəndaşı xilas edib, həyatını asanlaşdırıb, sadələşdirib...

"ASAN xidmət"i futbola da gətirmişdilər. Qapılarından 8 top buraxa-buraxa asanların asan qapıları laxlayırdı... ASAN-ı futbola deyil, futbolda hökm sürən sistemsizlikdən yaxa qurtarmaq üçün futbolun özünü "ASAN xidmət" sisteminə uyğunlaşdırmaq lazımdır...

Belədə bəlkə futbol düzələ, yerli mütəxəssislərə şərait yaradıla, azarkeşlərə qucaq açıla, bölgə futbolunun dəyəri arta, istedadlara qiymət verilə, vətəndaşın şikayəti, səsi eşidilə...

Olimpiya, gənclər arasında qitə, dünya çempionlarımız vaxtilə top-klublarda, Avropada yetişməyiblər. Onlar Azərbaycanda, öz mütəxəssislərimiz tərəfindən hazırlanıb, böyük futbola gətirilib. Yalançı Berlin, "Mançester Yunayted" layihələri ilə futbolçu yetişməyəcək...

Elə son iki mövsümdə ölkənin ən güclü futbolçuları adını qazanmış Mirabdulla Abbasov, Emil Balayevi də Azərbaycana gətirilən almanlar, ingilislər, xorvatlar, serblər tərəfindən yetişdirməyiblər. Yerli məşqçilərimizin, klublarımızın min əziyyəti ilə "Sabahın ulduzları"ndan çıxıblar...

Azərbaycan futbolunda, kabinetllərdə əyilə-əyilə prezident, v.-prezidentlər, baş katib, Icraiyyə Komitəsi üzvləri müzakirə edilməməli, "seçilməməlidir". Böyük, sadə, asan futbolun oynanılması üçün futbola yanaşma asanlaşmalı, ASAN-dakı kimi olmalı, ilk növbədə düşünən beyinlər dəyişməlidir...

Əgər Azərbaycan futbolunun dirçəlməsi, inkişafı istənilirsə...

Mənbə: fanat.az