Milliləşən rusiyalı: “Azərbaycanı təmsil etmək çox xoş idi”

Milliləşən rusiyalı: “Azərbaycanı təmsil etmək çox xoş idi”

“Lozannada keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarındakı çıxışımdan o qədər də razı deyiləm. Daha yüksək yer tutmaq istəyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

Milliləşərək yığmamıza cəlb olunan rusiyalı idmançı İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib: “Proqramda müəyyən çatışmazlıqlar var idi. Səhvlər üzərində işləyib, maksimum bacarığımı nümayiş etdirməyə çalışacağam. Bir az hazırlığımın səviyyəsi, həmçinin həyəcan və digər məqamlar daha yaxşı nəticə göstərməyimə mane oldu”.

Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılan ilk Azərbaycan idmançısı kimi tarixə düşən Y.Ryabova Azərbaycan Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə hədəfini də açıqlayıb: “Azərbaycanı təmsil etmək çox xoş idi. Ölkəni Yeniyetmələrin Qış Olimpiya Oyunlarında təmsil etdiyim üçün hədsiz dərəcədə şadam. Dəstəyə görə hamıya təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan azarkeşləri məni böyüklərin Olimpiya Oyunlarında da görəcək. Çalışıram ki, 2022-ci ildə Pekində keçiriləcək dördilliyin ən mötəbər yarışına lisenziya qazanım”.

Qeyd edək ki, Y.Ryabova Lozanna-2020-də 8-ci yeri tutub.

Mənbə: apa.az