Azərbaycan birinciliyinin seçmə yarışlarında kifayət qədər güclü şahmatçılar mübarizə aparırlar

Azərbaycan birinciliyinin seçmə yarışlarında kifayət qədər güclü şahmatçılar mübarizə aparırlar

Şahmat üzrə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında ilk dörd yeri tutan şahmatçılar respublika çempionatının finalına vəsiqə qazanacaqlar. Həmin yarışın nəticələrinə əsasən, Azərbaycanı Avropa və dünya çempionatında təmsil edəcək şahmatçılar müəyyənləşəcək. Seçmə yarışlarda kifayət qədər güclü şahmatçılar - Azərbaycan çempionatının, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları mübarizə aparırlar. Yarış gərgin idman mübarizəsi şəraitində keçir.

Bu sözləri turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Ağcabədi Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə şahmatçıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər cür şərait yaradılıb. Yarışı on nəfərdən ibarət hakimlər heyəti idarə edir.

Qeyd edək ki, bu gün oğlanlar və qızlar arasında 8, 10, 12, 14, 16 yaşlı şahmatçılar arasında Azərbaycan birinciliyinin seçmə yarışları start götürüb. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət yarışlarda 354 şahmatçı mübarizə aparır.

Mənbə: azertag.az