"Şeydayevin xaricdə çıxış etməsini istəyirik" - "Sabah" rəsmisi

"Şeydayevin xaricdə çıxış etməsini istəyirik" - "Sabah" rəsmisi

"Son iki turda qazandığımız qələbələr həm turnir cədvəli, həm komandada özünəinam, ruh yüksəkliyi baxımından yaxşı hal oldu".

Bunu "Sabah"ın idman direktoru Emin Abbasov deyib. Onun fikrincə, komandanın Premyer Liqanın son 2 turunda "Qəbələ"yə evdə, "Sumqayıt"a səfərdə qalib gəlməsinin təsadüfi deyil.

"Baş məşqçi Jelko Sopiç demək olar ki, hər oyuna fərqli düzülüşlə çıxır və hər rəqibə uyğun oynayaraq nəticə əldə eləməyə çalışır. Əgər diqqət yetirdinizsə, "Sumqayıt"la görüşə start heyətində gənc oyunçu limitinə uyğun 3 futbolçuyla çıxmışdıq ki, onların arasında 19 yaşlı Arsen Ağcabəyov Premyer Liqada ilk matçına çıxırdı. Yəni, klubun strategiyası dəyişməz qalır. Asta-asta gənclərin əsas komandaya yolunu açacağıq. Onu deyim ki, hal-hazırda U-21 millisinə 5 oyunçumuz dəvət alır. Bu, bizi sevindirən məqamdır" - deyə, Abbasov bildirib.

Bir neçə ildir klub təsərrüfatında uğurla çalışan və idarəçi kimi özünü doğruldan müsahib Ramin Həsənovun "Sabah"a gəlişinə də münasibət bildirib. O, "Səbail"in icraçı direktor postunu Masazır təmsilçisində baş icraçı direktor vəzifəsini dəyişən Həsənovun təyinatı haqda bunları deyib: "Ramin bəyin mənimlə bağlı mətbuatda fikirləri ilə tanışam. Onun demək istədiyi o idi ki, hərənin öz işi var klubda və hər kəs öz işiylə məşğuldur. Yəni, bu gün nə mənim ona, nə də onun mənə tabeçiliyi var. Ramin bəy "Sabah"a klub prezidentinin dəvəti ilə gəlib. Əgər məsul vəzifəyə gətirilibsə, demək ki, burada ona verilən dəyər çox böyükdür. Mənə gəlincə, öz işimi davam etdirirəm və burada olduğum müddət ərzində klub üçün səmərəli olmağa çalışacam. Bu mənada dəyişən heç nə yoxdur".

"Sabah" Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevlə mövsümün sonunadək müqavilə imzalamaqla sürpriz bir transferi reallaşdırdı. Abbasov millinin əsas hücumçusunun komandaya ciddi fayda verəcəyi qənaətindədir: "Təbii ki, hamımız Ramil Şeydayevin xaricdə çıxış etməsini istəyirik. Amma indiki halda necə ki "Sabah" üçün Ramilin gəlişi xeyirlidisə, Ramil üçün də "Sabah"da çıxış edib yaxşı forma yığmaq fürsətidir bu. Danışıq da belə olub ki, Şeydayev üçün xaricdə variant çıxsa, "Sabah"dan ayrılmasında heç bir problem olmayacaq. Digər tərəfdən, həm Ramil Şeydayev, həm Bəhlul Mustafazadə, həm də başqa gənc oyunçularımızın milli komandada yaxşı çıxış edib, Avropa klublarının diqqətini cəlb etmək imkanı var. Amma bunun üçün mütəmadi oyun praktikası, daim hazırlıqlı durumda olmaları gərəkir ki, "Sabah" bu baxımdan Ramil üçün yaxşı variantdır". (sportinfo.az)

Mənbə: sport7.az