Yunis Hüseynov: "Bəlkə o siyahıda mənim də adım olub"

Yunis Hüseynov: "Bəlkə o siyahıda mənim də adım olub"

“Millidə həmişə yerli məşqçinin çalışmasının tərəfdarı olmuşam”.

Bunu apasport.az saytına veteran futbolçu Yunis Hüseynov deyib.

AFFA-nın baş məşqçi axtarışına münasibət bildirən 55 yaşlı mütəxəssis futbolumuzun əsas probleminin futbolçu çatışmazlığı olduğunu söyləyib: “Baş məşqçi yerli olmayacaqsa, kimin gəlməsinin elə bir fərqi yoxdur. Təki yaxşı məşqçi gəlsin, millimiz irəli getsin. Amma material olmadıqdan sonra kim gəlir-gəlsin, işi asan alınmayacaq. Gərək əlinin altında futbolçu çox olsun ki, bir iş ortaya qoya biləsən. Olan-qalan legionerlərimizin də ölkəyə qayıtması yeni baş məşqçini çətin duruma salacaq”.

Legioner məsələsi ilə bağlı fikirlərini davam etdirən Yunis Hüseynov hücumçu Ramil Şeydayevin “Sabah”la anlaşmasını geriyə atılmış addım sayır: “Futbolçularımız mütləq legioner həyatı yaşamalıdırlar. Bu, millimizə də böyük kömək edər. Bizim istəyimizin əksinə, orada olanlar da qayıdırlar. “Sabah”a gələn Ramil Şeydayev millinin oyunlarında həmişə fərqlənib. Məncə, o, bununla geriyə addım atdı. Bura gəlməklə səhv elədi, Rusiyada qalmalı idi. Ümumiyyətlə, Şeydayevin ən böyük səhvi “Krılya Sovetov”dan getməsi oldu. Orada qalsaydı, inkişaf edə bilərdi. Ramilə görə “Krılya Sovetov”un 3-4 matçına baxmışdım, pis təsir bağışlamırdı, babat oynayırdı. Amma “Dinamo”da özünü doğrulda bilmədi. Deməli, zəif oldu ki, yola saldılar. Demirəm ki, Şeydayev “fontandır”, super futbolçudur. Özünə görə hücumçudur və üstəlik, gəncdir. Azərbaycana gəlməsəydi, inkişaf edə bilərdi. Biri var Rusiya klubundan harasa keçmək, biri də var Azərbaycan klubundan. Bu baxımdan mövsümün sonunda onun Avropaya getməsi çətinləşəcək”.

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsinə Hüseynovun reaksiyası müsbət olmayıb: “Bunu yaxşı hal saymıram. AFFA-da işləyəndə də demişəm, indi də bildirirəm ki, millidə yerli futbolçular oynamalıdırlar. Sezar yaxşı futbolçudur. Amma zəif olsun, özümüzünkülər olsun. Yerli oyunçu azdır deyə hamını milliləşdirməliyik?”

Məşqçilik karyerası ərzində “Standard”, “Karvan” və “Xəzər Lənkəran”ı çalışdırmış Yunis Hüseynov milli komandanın baş məşqçisi postuna namizədlər arasında yerli mütəxəssislərin də olduğunu düşünür: “Mən inanmıram ki, o qədər namizədin içində yerli olmasın. Ola bilsin ki, 32 namizəd əcnəbilərdən ibarət olub, azərbaycanlılar başqa siyahıda yer alıblar. Bəlkə də, o siyahıda mənim də adım olub”.

Mənbə: apa.az