“Aeroflot open” turnirinin üçüncü turunda azərbaycanlı və hindistanlı dünya çempionları qarşılaşacaqlar

“Aeroflot open” turnirinin üçüncü turunda azərbaycanlı və hindistanlı dünya çempionları qarşılaşacaqlar

Fevralın 21-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının üçüncü turunun oyunları keçiriləcək. Ölkəmizi festivalın A turnirində Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, B turnirində Məhəmməd Muradlı, Elvin Bayramov, Read Səmədov təmsil edirlər.

AZƏRTAC xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri 14 yaşlı şahmatçılar - azərbaycanlı və hindistanlı dünya çempionları Aydın Süleymanlı ilə Rameşbabu Praqnanandha arasında olacaq. Gənc şahmatçımız Aydın Süleymanlı 10 (2014) və 12 yaşlılar (2017) arasında Avropa birinciliklərinin, ötən il isə 14 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibi olub. R.Praqnanandha isə 8 (2013), 10 (2015) və 18 (2019) yaşadək şahmatçılar arasında dünya çempionatlarının qızıl medallarını qazanıb.

Şahmatçılarımızdan R.Məmmədov iki turdan sonra maksimum xalla A turnirində liderliyə yüksəlib. A.Süleymanlı və V.Durarbəyli hərəyə 1,5 xal, V.Əsədli 1, A.Qədimbəyli 0,5 xal qazanıblar.

Festivalın B turnirində şahmatçımız M.Muradlı 2 xalla liderlər qrupunda mübarizə aparır. Komandamızın digər üzvləri E.Bayramov 1, R.Səmədov isə 0,5 xal toplayıblar.

Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur.

Mənbə: azertag.az