"Millidə yerli məşqçilərə etimad göstərməyin vaxtıdır" - Rahid Əmirquliyev

"Millidə yerli məşqçilərə etimad göstərməyin vaxtıdır" - Rahid Əmirquliyev

"Səbail"in kaptanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 30 yaşlı yarımmüdafiəçi əvvəlcə nəticəni şərh edib:

- Oyunun əvvəlində rəqib azlıqda qaldı. Xeyli qol epizodları oldu. Rəqib öz qapısına çəkilmişdi. Bu da normal haldır. Epizodlardan istifadə etməli idik. Məncə, qələbəyə layiq idik.

- “Sabah”ın oyunçuları qırmızı vərəqənin olmayacağı halda, “Səbail”i udacaqlarını deyirdi.

- Bunu bilmək olmaz. 11 nəfərlə davam etsəydilər, kim bilir, qalib gələn biz də ola bilərdik. Onlar da müdafiə çəkilməyəcəklərdi. Açıq futbol olacaqdı və fürsətlərimiz yaranacaqdı.

- “Səbail” qış fasiləsindən sonra daha yaxşı çıxış edir. Komandada nə dəyişdi?

- Bəzi oyunçular getdi, əvəzlərinə yeni futbolçular gəldi. Deməzdim ki, mövsümün ilk yarısında pis oynayırdıq. Elə oyunlarımız var idi ki, yaxşı idik, amma qələbə qazanmırdıq. Fasilədən sonra qələbələr oldu, oyunumuzda irəliləyiş oldu. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm.

- Ramil Şeydayev qışda Azərbaycana qayıtdı. Sabiq komanda yoldaşın “Sabah”da debüt etdi. Onun addımını necə qiymətləndirirsən?

- Onun bura gəlməsinin səbəbini bilmirəm. Yəqin ki, yaxşı variantı olmayıb və 4-5 ay formada qalıb, başqa kluba keçmək üçün bura gəlib. Burda oyanaycaqsa, onun üçün üstünlükdür. Doğru qərar verib-vermədiyi barədə nəsə deyə bilmərəm.

- Millinin baş məşqçi vəzifəsinə yerli namizəd yoxdur. Təcrübəli sima kimi yığmada yerli, yoxsa əcnəbi baş məşqçi istəyirsən?

- Məncə, yerli məşqçilərə etimad göstərilsə, yaxşı olar. Ancaq qərarı AFFA verir və buna qarışa bilmərəm. Şəxsi mövqeyim budur ki, yerli məşqçilərə etimad göstərməyin vaxtıdır (futbolpress.az).

Mənbə: qol.az