Sumqayıtlı kimyaçının idman uğuru

Sumqayıtlı kimyaçının idman uğuru

Sumqayıt, 28 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) əməkdaşı Vüqar Abdullayev Türkiyənin Trabzon şəhərində keçirilən 40-cı beynəlxalq yarımarafonda iştirak edib. Müxtəlif ölkələrin idman klublarını təmsil edən 500-dən artıq idmançı Trabzon yarımafonunda 21,1 kilometr məsafə qət ediblər.

AZƏRTAC xəbər verir ki, Bakı Marafon Klubunun üzvü, yarışlarda Azərbaycanı təmsil edən Vüqar Abdullayev marafonda uğurla çıxış edərək 9-cu yeri tutub. Bu, həvəskar marafonçu üçün çox böyük uğur olmaqla SOCAR ailəsi üçün də xoş xəbərdir.

İdmanın bir neçə növü, eləcə də velosiped idman növü ilə davamlı məşğul olan sumqayıtlı kimyaçı dəfələrlə beynəlxalq səviyyəli müxtəlif yarışlarda respublikamızı uğurla təmsil edib və mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, Vüqar Abdullayev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib. 2005-ci ildən taleyini kimya sənayesi ilə bağlayan V. Abdullayev “Sintezkauçuk” və Etilen-polietilen zavodlarında mühəndis kimi fəaliyyət göstərib. Hazırda “Azərikimya” İB-nin Təmir-tikinti İdarəsində mühəndis kimi əmək fəaliyyətini davam etdirir.

V. Abdullayev həm də həvəskar fotoqrafdır. “Azərikimya” İB-nin və Sumqayıt şəhərinin ictimai-sosial tədbirlərində fotoçəkilişlər aparır, bir neçə respublika və beynəlxalq əhəmiyyətli fotomüsabiqədə iştirak edib.

Mənbə: azertag.az