Teymur Rəcəbov FİDE reytinqində Şəhriyar Məmmədyarovu qabaqlayıb

Teymur Rəcəbov FİDE reytinqində Şəhriyar Məmmədyarovu qabaqlayıb

FİDE şahmatçıların mart reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, fevralda baş tutan oyunların da əksini tapdığı siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir ki, təmsilçilərimizdən ikisi ilk “onluq”dadır. Milli üzvlərindən ən yaxşı göstəricinin sahibi dəyişib. Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu da arxada qoyub.

1 pillə irəliləyən T.Rəcəbov 2765 xalla dünyanın 9-cu şahmatçısıdır. Ş.Məmmədyarov isə iki pillə geriləyib. Komanda yoldaşından 1 xal geridə qalan şahmatçımız siyahıda 10-cudur.

Mövqeyini qoruyan Qədir Hüseynov 2665 xalla 72-ci sırada yer alıb. Ondan bir xal geri qalan Nicat Abasov 7 pillə geriləyərək 74-cü pilləyə düşüb. Rauf Məmmədov isə bir aylıq fasilədən sonra ilk “100-lük”də yerini qaytarıb. O, 2654 xalla planetin 91-cisidir.

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2842) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 31-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2377) 89-cu pillədədir. G.Məmmədova iki, digərləri üç pillə geriləyib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birincidir.

Mənbə: apa.az