2024-cü il Olimpiadasında qadınlar arasında boks turnirinin qalibi, əlcəzairli İman Xelif rusiyalı Umar Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasını (ABB) məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Xelif bu barədə sosial mediada yazıb.
“Artıq bağlı olmadığım və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmayan Beynəlxalq Boks Assosiasiyası öz maraqlarını təmin etmək üçün növbəti dəfə saxta və aqressiv ittihamlar irəli sürüb. Məsələ təkcə məndə deyil, idmanda ədalətdən gedir.
Komandam vəziyyəti diqqətlə öyrənir, hüquqlarımı və ədalətli rəqabət prinsiplərini qorumaq üçün bütün lazımi hüquqi addımları atır. Məsul şəxslər məsuliyyətə cəlb edilməlidir. Ədalətin zəfər çalmasını təmin etmək üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik”, – Xelif bildirib.
Mənbə: publika.az