Premyer Liqanın prezidenti: "Ukrayna klublarını cinayətkarlar idarə edir"

Premyer Liqanın prezidenti: "Ukrayna klublarını cinayətkarlar idarə edir"

"Başa düşdüm ki, Ukraynanın futbol liqalarını belə şəraitdə İsveçrə səviyyəsinə qaldırmaq olmaz".

"Report"un məlumatına görə, bu fikirləri "Blick" nəşrinə açıqlamasında Ukrayna Premyer Liqasının prezidenti Tomas Qrimm deyib.

İşində üzləşdiyi çətinliklər barədə danışan isveçrəli futbol funksioneri bunu müxtəlif səbəblərlə əlaqələndirib. O, Ukraynada bəzi klub rəhbərlərinin cinayətkar fəaliyyətlə məşğul olduqlarını da gizlətməyib.

T.Qrimm "Vorskla" klubunun sahibinin "İnterpol" tərəfindən axtarıldığını, "Desna"nın sahibinin rəsmi sənədlərdə adının olmadığını, onun "Ukraynanın alkoqol kralı" adlandırıldığını, "Karpatı"nın isə iki il öncə avtomobillə bir qadını vuran və ölkədən qaçan şəxsə məxsus olduğunu açıqlayıb.

2018-ci ildən quruma rəhbərlik edən Tomas Qrimm qarşıdakı seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, "Vorskla"nın sahibi Ukraynanın keçmiş deputatı, milyarder Konstantin Jevaqodur. "Desna" klubu Aleksandr Çebotaryevə, "Karpatı" isə Pyotr Dıminskiyə məxsusdur.

Mənbə: report.az