"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

"Viktoriya" tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin aktrisası” nominasiyasında mükafata layiq görülən, 2 il öncə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilən, 18-dən çox film və seriallara çəkilmiş gözəl aktrisa Günel Məmmədova Fanat.Az-ın suallarını cavablandırıb.

- Hansı idman növünə marağın var?

- Ümumiyyətlə, uşaqlıqdan sevdiyim idman növləri karate, fiqurlu konkisürmə olub. Hazırda isə bodibildinqə marağım artıb.

- Futbol matçlarını izləyirsən?

- Futboldan uzağam, amma buna baxmayaraq futbolçuları tanıyıram. Evimizdə bacım oğlunun futbola böyük həvəsi olduğu üçün hərdən məcburiyyətdən ona qoşulub mən də futbola baxıram.

- İdmançı olmaq istəsəydin, hansı idman növünü seçərdin?

- Məncə, fiqurlu konkisürməni seçərdim. Rəqsi çox sevirəm. Bu idman növü isə rəqslə idmanı birləşdirir.

- Kumirin olan idmançı var?

- Xeyr, yoxdu. Ümumiyyətlə, kumir sözü məndən uzaqdı. Amma bir çox idmançılarımız var ki, onlarla fəxr edirəm. Çünki, yarışlarda bayrağımızı qaldırırlar.

- Filmlərdə bir çox əlbəyaxa döyüş növlərindən istifadə olunur. Sən bir aktirisa kimi belə filmə çəkilsən, hansı döyüş növünü seçərsən?

- Əlbəttə ki, karate. Çox marağım var bu idman növünə. Həmişə arzulamışam ki, valideyinlərim məni bu idman növü ilə məşğul olmağa sövq etsinlər. Təəssüf ki, belə bir şey heç vaxt olmadı. İstərdim ki, məni döyüş səhnələri çox olan filmlərə çəksinlər. Karateçi qız obrazını ustalıqla canlandıraram.

- Səncə, futbol üzrə Azərbaycanın yığması niyə həmişə uğursuzluğa düçar olur?

- Çətin sualdı əslində. Amma statistika və tarix göstərir ki, biz fərdi idman növlərində həmişə uğur qazanırıq. Ancaq kollektiv idman növlərində çox təəssüf ki, uğurlarımız elə də çox deyil.

- "Qarabağ” oyunlarını stadiondan izləmək istəyərsənmi?

- Yalan deməyi sevmirəm, vaxtım olmur. Dediyim kimi, evimizdə balaca futbol həvəskarı var. O dəfələrlə stadiona gedib, milli yığmamıza dəstək olub. Futbola marağım olmasa da, bir azərbyacanlı kimi həmişə dəstək olmağa varam!

- Deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Son günlər dünyada tüğyan edən karonavirus fəlakətini nəzərə alsaq, səncə dünyanı gözəllik xilas edəcək yoxsa, idman etməklə sağlam bədənə sahib olmaq? Gözəl və çox istedadlı aktirisa Günel bu barədə nə deyə bilər?

- Dünyanı insanlıq xilas edəcək. Əslində bu da təbiətin bir üsyanıdı. Təbiət də bezib qeyri təbiilikdən, sünilikdən, müdaxilə edilməkdən. Virus oldu, olmadı insan hər zaman öz sağlamlığına fikir verməlidi. Sağlamlıq ilk növbədə sağlam qidalanmaqdan, idmandan başlayır. Başa düşüləndi ki, bəzən həyat qayğıları bir sıra insanlara imkan vermir. Hər-hansı idman zallarına getmək, ya da ki, evdə müəyyən vaxt ayırıb məşqlər etmək bəzən çətinlik yaradır, buna vaxt tapmaq olmur. Adi bir qaçış belə insana az fayda vermir . Oturaq həyata o qədər öyrəşmişik ki, bəzən 20 metr yolu yeriməyə çətinlik çəkirik.

- Ən sevdiyin obraz hansıdı?

- Öz oynadığım obrazları nəzərdə tutursansa, onları heç vaxt bir-birindən ayırmıram. Oynadığım hər bir obrazı sevirəm. Canlandırdığım rolların hər birinə öz ürəyimi qoymuşam və hər birində Günel var.

Elçin Aslangil

Fanat.Az

Mənbə: fanat.az