"Barselona" futbolçularından örnək addım: Maaşlarının 70% azaldılmasına razılıq verdilər

"Barselona" futbolçularından örnək addım: Maaşlarının 70% azaldılmasına razılıq verdilər

Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan böhran vəziyyətindən çıxış yolunu tapmaq üçün "Barselona" futbolçuları maaşlarının 70% azaldılmasına razılıq veriblər.

Fanat.Az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messi instaqram hesabı vasitəsilə bu barədə bəyanat yayıb. Həmçinin futbolçular klub işçilərinin maaşlarını tam şəkildə ala bilməsi üçün onlara yardım edəcəklər.

Messinin bəyanatında qeyd olunub:

"Bu çətin periodda "Barselona" oyunçularının maaşları barədə çox yazıldı, çox danışıldı. Biz vəziyyətin kritik olduğunu dərk edirdik və bu səbəbdən məvacibimizin azaldılmasını istəyirdik. Bu məsələyə aydınlıq gətirmək istəyirəm.

Klubun köməyə ehtiyacı olanda ilk növbədə futbolçular önə çıxmalıdılar. Bir çox halda özümüz bu yöndə təşəbbüs irəli sürmüşük, bəzən isə vəziyyət hamımızı məcburiyyət qarşısında qoyub.

Klubun daxilində bu məsələdə üzərimizə gedən, bizə təzyiq edənlər var idi. Qeyd etmək istərdim ki, anlaşmanın gecikmə səbəbi bu çətin periodda kluba və onun işçilərinə kömək etmək üçün həll yolu axtarmağımızla bağlı idi.

Beləliklə, böhran dövründə maaşlarımız 70% azaldılacaq. Həmçinin klub işçilərinin əmək haqlarını tam ala bilməsi üçün də yardım edəcəyik. Bu barədə bu günə kimi ictimaiyyətə açıqlama verməmişiksə, bilin ki, sadəcə, bizim üçün prioritet real həll yollarını taparaq kluba və yaranan situasiyadan daha çox əziyyət çəkən insanlara kömək etmək olub".

Messinin bəyanatı daha sonra digər "Barselona" futbolçuları tərəfindən də paylaşılıb.

Mənbə: fanat.az