Virusdan futbola “qırmızı vərəqə”: “Mövsüm yarımçıq qalacaq”

Virusdan futbola “qırmızı vərəqə”: “Mövsüm yarımçıq qalacaq”

Artıq neçə müddətdir ki, koronavirus pandemiyası bir sıra sahələrə, o cümlədən idmana ciddi zərbələr vurur.

Ya oyunlar təxirə salınır, ya vaxtları dəyişdirilir. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Həmçinin iyunun 7-də futbol üzrə 13-cü Avropa çempionatının yekun mərhələsinə də start veriləcəkdi. Avstriya və İsveçrənin birgə ev sahibliyi etdikləri çempionatda 16 yığma komanda dörd qrupda qələbə uğrunda mübarizə aparacaqdı. Lakin Olimpiya oyunları və futbol üzrə dünya çempionatından sonra dünyanın üçüncü ən böyük idman tədbirini seyr etmək üçün 1,5 milyon futbol azarkeşinin Avstriya və İsveçrəyə gələcəyi gözlənilən futbol üzrə Avropa çempionatının da vaxtı dəyişdirilib.

Maraqlıdır, bəs UEFA Çempionlar Liqası, Avropa Liqası, milli çempionatların aqibəti necə olacaq?

Cebhe.info-ya açıqlamasında tanınmış jurnalist Amal Abuşovun sözlərinə görə, artıq klublar da vəziyyətlə barışmağa başlayıb və mövsüm yarımçıq saxlanıla bilər:

“Bununla bağlı UEFA-nın aprelin birində videokonfrans keçirmək fikri var, yenidən müzakirə aparılacaq. Ən yaxşı halda koronavirus pandemiyası mayın sonu-iyunun əvvəllərinə qədər davam etsə, iyulda oyunlar keçirilə bilər. Dünən Ramin Musayev açıqlama verdi ki, hələ karantin bitəndən sonra futbolçulara məşqlər və fiziki formanın bərpa olunması üçün 2-3 həftə vaxt lazımdır. Belə görünür ki, bu avrokuboklarda mövsümü başa çatdırmaq mümkün olmayacaq. Bu gün İspaniya La liqası ilə bağlı ispan mediasında maraqlı yazı dərc olunub. “Marça” yazır ki, klublar da artıq vəziyyətlə barışır, yəni mövsüm yarımçıq qala bilər. Çünki iyulda yarımçıq mövsüm oynanılsa, gələcək mövsümü başa çatdırmaq olmayacaq. Dünən İtaliya çempionatı ilə bağlı 10-dan çox klub futbol federasiyasına müraciət edərək bildiriblər ki, mövsümü yarımçıq saxlamaq lazımdır. Hətta İngiltərə Premyer Liqasının məşq bazalarında azarkeşlərə bağlı şəkildə keçirilməsi fikri var, lakin unutmaq olmaz ki, ən azından futbolçuları, hakimləri, məşqçiləri saysaq, 30 nəfər bir yerə yığılmalı olacaq. Bunun özü də təhlükəlidir. Düşünürəm ki, insan sağlamlığından önəmli bir şey yoxdur. Artıq builki mövsümü unudub, bəşəriyyətin bu təhlükədən xilas olması barədə düşünmək lazımdır. Bundan sonra gələn çempionatlara tədbirli şəkildə başlamaq olar”.

Tünzalə Rüstəm
Cebhe.info

 

 

Mənbə: cebhe.info