550 işçisinin maaşını azaltması narazılıq yaratdı

550 işçisinin maaşını azaltması narazılıq yaratdı

"Tottenhem" prezidenti Daniel Levinin klub işçilərinin maaşını azaltması İngiltərədə narazılıqla qarşılaşıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, siyasətçilər və klubun sabiq baş məşqçiləri bu addımı tənqid ediblər. Rəsmi açıqlamadan sadəcə 30 dəqiqə əvvəl elektron poçt vasitəsi ilə çatdırılan qərarda işçilərin indidən məzuniyyətə göndərilməsi isə narazılıqların daha da böyüməsinə səbəb olub.

Ölkənin millət vəklili Julian Nayt baş verənlər belə münasibət bildirib: "Boğazım düyünləndi. Bu qərar, ingilis futbolunda vəhşi kapitalizmin ortasında qan tökənlərin olduğunu göstərdi".

Levinin qərarına daha bir reaksiyanı London meri Sadiq Xan göstərib. O, əvvəlcə milyonlar qazanan futbolçuların maaşının kəsilməli olduğunu bildirib: "Klubda çalışan insanlardan əvvəl yüksək maaş alan futbolçulardan belə böhran vəziyyətlərində fədakarlıq etmələri gözlənilir. Futbolçuların qazandığından xeyli aşağı pul alan işçilərin maaşlarını azaltmaq ediləcək ən son addım olmalıdır".

2008-2012-ci illərdə "Tottenhem"i çalışdıran Harri Redknapp da qərarı ilk dəfə eşitdiyini şok keçirdiyini söyləyib: "Buna inana bilmirəm. Futbolçuların maaşı azaldılmalı idi. Bu qərar "Tottenhem" kimi böyük bir kluba yaraşmadı. Oyunçuların ildə 10-15 milyon avro qazandığı, sahibinin dünyanın ən varlı adamlarından biri olduğu bir klubda işçilərin maaşlarını azaltmaq ağlasığmazdır".

Futbolçuların nə düşündüyünü bildiyini söyləyən Redknapp daha sonra deyib: "Futbolçular təkbaşına necə hərəkət etməyi bilmirlər. Ancaq komanda yoldaşlarından biri maaşını azaltmağa razı olsa, hamısı istəyəcək. Əvvəlcə futbolçulara müraciət edilməli idi".

Qeyd edək ki, "Tottenhem" 550 işçisinin maaşını 20 faiz azaldıb və onları aprel-may ayları üçün məzuniyyətə göndərib. Oyunçular və məşqçi heyətinin maaşında isə dəyişiklik edilməyib.

Mənbə: qol.az