İqor Ponomaryov: "Çempionatla bağlı istənilən qərara anlayışla yanaşılmalıdır" - MÜSAHİBƏ

İqor Ponomaryov

"Sabah" klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryovun “Report”a müsahibəsi

- İspaniyada koronavirusla bağlı ümumi vəziyyət necədir?

- Malaqa əyalətində hər şey qaydasındadır. Yavaş-yavaş normal həyata qayıdırıq. Artıq kafelər, kiçik restoranlar açılıb. Kafelərə daxil olub bir fincan qəhvə içmək xoş təsir bağışlayır. Addım-addım adət etdimiz həyat tərzinə qayıdırıq. Yay mövsümünün necə keçəcəyi, turizmlə bağlı məsələlər isə hələ məlum deyil.

- İspaniya La Liqasında qeyri-müəyyənlik davam edir. Çempionatın bərpa olunacağına inanırsınız?

- La Liqa barədə nə deyəcəyimi bilmirəm. Bu, elə də sadə sual deyil. Çox güman ki, cari mövsümü başa çatdırmaq mümkün olmayacaq.

- Bu gün Avropanın yoluxma və ölüm faizi yüksək olan bəzi ölkələri çempionatlarını bərpa edir. Sizcə, Azərbaycan Premyer Liqası niyə başlamır?

- Düşünürəm ki, tezliklə Azərbaycan Premyer Liqası ilə bağlı qərar qəbul olunacaq. Çoxları kimi mən də çempionatın idman prinsipləri əsasında başa çatdırılmasının tərəfdarıyam.

- Çempionatın bərpası üçün hansı təklifi irəli sürərdiniz?

- Buna səlahiyyətli qurumlar qərar verəcək. Şübhəsiz ki, bu zaman hər şey nəzərə alınacaq. Düşünürəm ki, Premyer Liqa barədə tezliklə qərar veriləcək.

- Mövsüm ləğv olunsa, avrokuboklara vəsiqələrin hazırkı yerlərə əsasən verilməsini məqsədəuyğun sayırsınız?

- Yaranmış vəziyyətlə əlaqədar belə bir qərar verilsə, buna anlayışla yanaşılmalıdır.

- "Sabah" "Qəbələ"dən gənc müdafiəçi Amin Seydiyevi heyətinə qatdı. Bu transferə münasibətiniz necə oldu?

- Amin gənc və perspektivli futbolçudur. Özünü çempionatda və gənclər yığmasında yaxşı tərəfdən göstərdi. Hesab edirəm ki, komandaya xeyir verəcək. Ona və komandaya uğurlar arzu edirəm.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu məmurlar xüsusi nəzarətdə saxlanılır

SONRAKI XƏBƏR

ABŞ “Growler” üçün hazırlanan yeni REM vasitələrinin son sınaqlarına başlayıb