"Bu fasilənin həm xeyri, həm də ziyanı oldu" - “Samtredia”nın azərbaycanlı futbolçusu

"Bu fasilənin həm xeyri, həm də ziyanı oldu" - “Samtredia”nın azərbaycanlı futbolçusu

Gürcüstan çempionatında çıxış edən "Samtredia” klubunun azərbaycanlı futbolçusu Nicat Qurbanovun Sport7.az-a müsahibəsi

- Artıq 3 aya yaxındır ki, koronavirusa görə dünyanın hər yerində futbol yarışları təxirə salınıb, ölkələrdə karantin rejimi tədbiq edilib. Bu müddət sizin üçün necə keçdi və hazırda necə davam edir?

- Düşünürəm ki, bu fasilənin həm xeyri, həm də ziyanı oldu. Xeyri odur ki, ailəm ilə daha çox vaxt keçirirəm, ziyanı isə məşqsiz qalmaqdır. Ən əsas məsələ də odur. Fərdi məşq etsək də, düşünürəm ki, bu, peşəkar futbolçu üçün yetərli deyil. 3 aya yaxın vaxt məşqsiz qalmaq çox çətindir.

- Karantin müddətini Azərbaycanda, yoxsa Gürcüstanda keçirdiniz?

- Gürcüstanda olmuşam bu müddətdə.

- Qonşu ölkədə tədbiq edilən karantin qaydaları barədə nə deyə bilərsiniz? Nə kimi qadağalar var?

- Azərbaycandan fərqli olaraq burada karantin rejimi yüngül oldu. Bəzi məhdudiyətlər var idi. Məsələn, axşam saat 21:00-dan sonra çölə çıxmaq olmaz, 3 nəfərdən artıq bir yerdə toplaşmaq olmaz. Başqa ciddi bir şey yox idi. Bir də aptek və ərzaq mağazalarından başqa hər yer bağlı idi.

- Koronavirusla bağlı edilməsi vacib olan qaydalara nə dərəcədə riayət etdiniz?

- Qoyulan bütün qadağalara riayət etmişəm.

- Bəs futbolla bağlı nə deyirlər? Orada çempionat nə vaxta bərpa olunar?

- Hələ ki, tam dəqiq məlumat yoxdur. Bu gün saat 00:00-dan etibarən karantin rejimi burada bitdi. Yəgin 2-3 günə federasiya qərar verər.

- Komandanızın çıxış etdiyi çempionat neçənci turdan sonra dayandırıldı, komandanın turnir cədvəlində vəziyyəti necədir?

- Gürcüstanda çempionat martda başlayıb noyabrda bitir. Biz cəmi 2 tur oynamışdıq. Birini udub, diqərini məğlub olmuşuq. Komanda hazırda 4 yerdədir.

- Çempionat bərpa olduqdan sonra sizcə, əvvəlki templə gedəcək, yoxsa bir müddət komandalar adaptasiya olmaqda, futbolçular formaya düşməkdə çətinlik yaşayacaq?

- Şübhəsiz ki, çox çətin olacaq. Artıq 3 aya yaxındır ki, fərdi məşq edirik. Belə uzun müddət futbolsuz qalmaq olardı, amma məşqsiz qalmaq futbolçu üçün çox çətindir və formanı bərpa etmək də sözsüz çətindir. Çempionat yayda başlayacaq deyə havanın təsiri də özünü göstərəcək. Belə olan halda hazır olmayan futbolçular zədə alacaq. Tam formaya düşmək üçün həm vaxt, həm də səbr lazımdır.

Röya Kərimli

Sport7.az

Mənbə: sport7.az