Millimizin futbolçusu cəzalana bilər

Azərbaycan milli komandasının və "Ertgebirge" klubunun futbolçusu Dmitri Nazarov Almaniya çempionatında koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu "Nürnberq"lə II Bundesliqanın XXVII tur matçında qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Nazarov bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım".

Təcrübəli forvard Almaniya Futbol İttifaqının (DFB) məsələyə anlayışla yanaşaraq, klub əməkdaşını qucaqlamasına anlayışla yanaşacağına ümid etdiyini bildirib: "Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".

Qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb. Əzilən minik maşınının sürü və sərnişini isə ciddi travmalarla xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Nürnberq" - "Ertsgebirge" matçı heç-heçə ilə yekunlaşıb - 1:1.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ac-susuz qalmısan, yatmayıb dua etmisən: kim dözübsə, elə onun bayramıdır

SONRAKI XƏBƏR

Ukrayna Ali Radasının deputatını başından güllələdilər - FOTO