Məşhur qiraətçi futbolumuza şer həsr etdi: "Darıxma, düzəlməyəcək..."

Məşhur qiraətçi futbolumuza şer həsr etdi: "Darıxma, düzəlməyəcək..."

Tanınmış qiraətçi Xəzər Süleymanlı Sport7.az saytına müsabihəsində futbola olan marağından, futbolla bağlı xatirələrindən bəhs edib.

- Xəzər bəy, idmana marağınız varmı?

- Digər idman növlərini təmsil edənlər inciməsin, mənim üçün idman futboldur. Digərləri idman növləri. (gülür)...

- Özünüz idmanla məşğul olmusunuzmu?

- Peşəkar səviyyədə xeyr, ancaq uşaqlıqdan futbol oynamağı çox sevmişəm.

- Futbol sizin üçün nə deməkdir?

- Mən futbolu Ronaldo Nazarioya görə sevmişdim. Hətta 1998-ci il Dünya Çempionatından sonra saçımı keçəl etmişdim. Yayın ən qızmar vaxtında günəşin altında futbol oynayırdıq. Bu zaman meydançaya kölgəm düşərdi. Elə bilərdim ki, Ronaldoyam. Mənim üçün futbol kölgəmdə gördüyüm Ronaldodur.

- Demək ki, futbolla bağlı uşaqlıq xatirələriniz çoxdur...

- Məktəb imtahanına getmədiyim üçün atam bərk əsəbləşmişdi. Məni döyəcəyindən qorxub evə girə bilmirdim. Hava qaralmışdı. Hələ də həyətdə gəzişirdim. Az sonra 2004-cü il Avropa Çempionatının seçmə qrup mərhələsində yığmamız İtaliyanın möhtəşəm millisi ilə qarşılaşacağdı. Mən həm də İtaliya millisinin azarkeşi idim deyə, o oyunu böyük həvəslə gözləyirdim. Evə girə bilmədiyim üçün həmin oyunu pəncərədən baxıb izləmişdim. Təəssüf ki, 0-2 məğlub olmuşduq.

- Milli olaraq İtaliya yığması, bəs klublar arasında azarkeşi olduğunuz komanda hansıdır?

- 18 ildir bir klubun aşiqiyəm: Milan.

 

- Bu sevginin tarixçəsindən bəhs edərsiniz?

- İtaliya A Seriasının 2001-2002 mövsümündə "Milan" - "Yuventus" matçında "Milan"ın 7 nömrəli oyunçusu Andrey Şevçenko möhtəşəm qol vurmuşdu. Mən isə 7 rəqəmini sevirdim. Elə həmin qoldan sonra həm Şevçenkoya, həm də "Milan"ın qırmızı-qara rənglərinə böyük rəğbətim yarandı.

- Sonuncu dəfə nə vaxt və hansı matçı seyr etmisiniz?

- Sonuncu dəfə "Fiorentina" - "Milan" oyununu izləmişəm. 1-1 hesabı ilə bitmişdi. Və təbii ki, bir "Milan" azarkeşi kimi yenə üzülmüşdüm. Artıq 9 ildir ki, bu nəticələrə öyrəncəliyik.

- Bəs ölkə futbolunu izləyirsiniz?

- Olmayan şeyi necə izləyim?

- Azərbaycan futbolunun əsas problemini nədə görürsünüz?

- Kimlərsə məqsədli şəkildə futbolun inkişafına mane olurlar. Həmçinin uşaq futboluna diqqətin olmaması. Əsas problem bunlardır.

- Futbolumuzun bu durumu sizə hansı şerin misralarını xatırladır?

- Nədənsə ağlıma Salam Sarvanın bu sətirləri gəldi:

Gəl, sənə təsəlli verim,

Darıxma, düzəlməyəcək...

Röya Kərimli

Mənbə: qaynarinfo.az