20 min avroluq “İpək Yolu Kuboku” başlayır: Bütün iştirakçılar məlumdur

20 min avroluq “İpək Yolu Kuboku” başlayır: Bütün iştirakçılar məlumdur

28 May – Azərbaycanın Respublika Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr edilən şahmatın blits növü üzrə onlayn “İpək Yolu Kuboku” (Silk Way Cup) turnirinin iştirakçıları bəlli olub.

Oxu.Az xəbər verir ki, yarış playchess.com virtual oyun platformasında keçiriləcək.

Turnirdə, ümumilikdə, 54 şahmatçı mübarizə aparacaq. Azərbaycanı yarışda əmsala görə ən güclü şahmatçılar – Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Namiq Quliyev, Rəsul İbrahimov, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Günay Məmmədzadə, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Gülnar Məmmədova, Toğrul Həsənzadə, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva təmsil edəcəklər.

Gürcüstan komandasının heyətində isə ötən il Avropa ikincisi olmuş bu ölkənin qadınlardan ibarət millisinin üzvləri yer alır.

Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. I-VII turlar sabah saat 15:00-da, VIII-XV turlar isə 28 may tarixində saat 18:00-da başlayacaq.

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirin qalibi 2 500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.

Mənbə: www.oxu.az