Vəli Qasımov: "Azərbaycanlı məşqçilər Foqtsun etdiklərini bacarmazdılar"

Vəli Qasımov: "Azərbaycanlı məşqçilər Foqtsun etdiklərini bacarmazdılar"

"Mən oynayanda yığma tez-tez toplaşırdı. Amma məni yoldaşlıq oyunlarını buraxmırdılar. Bir qayda olaraq, yalnız rəsmi matçlara yollanırdım".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Rusiyanın "Championat" nəşrinə açıqlamasında yığmada qol vurmaması barədə danışarkən deyib.

Veteran hücumçu bildirib ki, millidə qol hesabını aça bilməməsi onun özünə də qəribə gəlir: "Səbəbini bilmirəm. Yəqin, yığmada daha çox iş görürdüm. Tez-tez geriyə qayıdıb oyun qurmağa çalışırdım. Ön xətdə az olurdum və daha çox meydanın mərkəzində komanda yoldaşlarıma kömək edirdim. Çünki daha təcrübəli idim".

Qasımov millidə çıxış edərkən Azərbaycan futbolundakı maliyyə problemlərindən də söz açıb: "Həqiqətən pul yox idi. Federasiya hər şeyə qənaət edirdi. Tez-tez uçuş xərclərimiz özüm qarşılayırdım. Amma bu, təkcəı mənim yox, hamının problemi idi. Vaxt olurdu ki, cəmi 100 ABŞ dolları mükafat ödəyirdilər. İspaniyada oynayanda bu pullar avibiletlərə, maksimum isə aeroportda kofe içməyə gedirdi. Federasiyanı da başa düşmək lazım idi. Amma istənilən halda üzücü idi".

Keçmiş forvardın sözlərinə görə, millidə problem təkcə maliyyə ilə bağlı deyildi. O, federasiyanın keçmiş prezidenti Fuad Musayev ilə arasındakı narazılığa da toxunub: "Aramızda bir neçə dəfə mübahisə olmuşdu. Bir dəfə məni Lixtenşteynlə oyuna dəvət etdilər. Amma heyətə salmadılar və biz uduzduq. Bunu özümə qarşı ədalətsizlik hesab etdim və prezidentlə danışmaq istədim. Amma o, mənimlə görüşməyi lazım bilmədi. Onda baş məşqçiyə dedim ki, siz məni Portuqaliyadan çağırırsınız ki, burada ehtiyatda oturum? Belədirsə, çağırmayın. Bundan sonra daha məni yığmaya dəvət etmədilər".

Qasımov Rusiya seçməsində oynamaq istəyini də dilə gətirib: "Açığı, hər zaman idmanda ən yaxşı yerlərdə olmaq üçün çalışmışam. Amma mən Azərbaycanda anadan olmuşan. Buna görə də doğma yığmada oynamağa qərar verdim".

AVRO-2020-nin Bakı üzrə səfiri olan mütəxəssis tez-tez Azərbaycan millisini tənqid etməsinin səbəbini açıqlayıb: "Bütün problem ondadır ki, əlimizdə material yoxdur. Ölkə xaricində oynayan bir futbolçumuz belə yoxdur. Çempionatın səviyyəsi aşağıdır, ona görə də bizim oyunçular Avropada çıxış edənlərdən fərqlənirlər. O dəqiqə görünür ki, oyun ərzində sakitlik çatışmır, əsəblər tarıma çəkilir. Mən yığmanı xoş niyyətlə tənqid edirəm, komandamızın daha yüksək səviyyəyə çatmasını istəyirəm".

2010-2012-ci illərdə Azərbaycan millisində Berti Foqtsun köməkçisi vəzifəsində çalışan Qasımov almaniyalı mütəxəssisin işini qiymətləndirib: "Foqts Azərbaycan futbolunda vahid sistem formalaşdırdı. Yerli məşqçi olsaydı, bunu bacarmazdı. Alman isə yığmada ciddi nizam-intizam və qidalanma rejimi yaratdı. Futbolçular ona inanırdılar. Çünki onların əksəriyyəti əvvəl belə rejimlə qarşılaşmamışdılar. O, öz sərtliyi ilə tanınırdı. Foqts səhər yeməyinin saat 9-da olduğunu söyləyirdisə, deməli, həmin vaxtda olmalı idi. Berti gecikənləri sərt şəkildə cəzalandırırdı".

Qeyd edək ki, 1992-ci ilin ilk yarısını "Spartak"da keçirən Vəli Qasımov 6 oyunda meydana çıxsa da, qol vura bilməyib. Mövsümün ikinci hissəsində isə "Dinamo"da çıxış edən sabiq hücumçu 16 oyunda 17 dəfə fərqlənərək çempionatın bombardiri olub. Moskva təmsilçisindən sonra İspaniya "Betis"inə keçən veteran futbolçu bu ölkənin "Albasete", "Esixa", "Vitoriya" və "İmortal" klublarının formasının geyinib. Azərbaycanda isə Qasımov "Neftçi"də çıxış edib.

Mənbə: report.az