Üç liqada medalların taleyi bəlli olmasa da, çempionlar məlumdur - AÇIQLAMA

Məlum olduğu kimi, AFFA pley-off sistemi ilə keçirilməyən, yarımçıq qalan üç liqada çempionları müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, bu, 15 (U-15), 16 (U-16) və 17 (U-17) yaşadək futbolçuların çıxış etdikləri liqalardır.

U-15 və U-16 liqasında qalib “Qəbələ”nin azyaşlı komandası elan olunub. U-17 liqasında isə “Sabah” klubunun müvafiq komandasına qızıl medallar veriləcək.

Bəs həmin medallar nə vaxt təqdim olunacaq? Bu sualla hər iki klubun nümayəndələrinə müraciət etdik.

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovun sözlərinə görə, hələ AFFA-dan onlara bu barədə konkret fikir bildirilməyib:

“Açığı, AFFA ilə bu barədə söhbətimiz olmayıb. Hazırda medalların necə, hansı formada veriləcəyi ilə bağlı heç bir təsəvvürümüz yoxdur. Biz özümüz də AFFA-nı tələsdirmək istəmirik. Çünki hamımız indiki vəziyyəti başa düşürük”.

“Sabah”ın U-17 komandasının məşqçisi Saşa Yunisoğlu isə belə deyib:

“Bizə bu barədə heç nə deməyiblər. Maraqlı olardı ki, 90 dəqiqəlik oyundan sonra təntənəli mükafatlandırma mərasimi zamanı medalları alaq. Amma indi nə edək ki, bu cür alındı. Onsuz da, ikinci yerdəki “Zirə” komandası ilə aramızda yeddi xal fərq vardı. Çempionatın bitməsinə səkkiz tur qalmışdı. Böyük ehtimalla, biz çempion olacaqdıq. Düşünürəm ki, bu qızıl medallar haqqımız idi”.

Millimizin sabiq futbolçusu Saşa Yunisoğlu keçirdikləri son görüşü belə xatırlayıb:

“Sonuncu matçımızda heç-heçə oynadıq. Arada xal fərqi böyük olduğundan, U-19 millisinə çağırılmış səkkiz futbolçumuza istirahət vermişdik. Amma oyunun gedişində uduzurduq deyə, fasilədə məcburən onları da meydançaya daxil etdik. Ertəsi gün karantin elan olundu, 2,5 ay futbolsuz qaldıq”.

AFFA-dan da hələ medalların nə vaxt veriləcəyinin bilinmədiyi qeyd olunub. Aydın məsələdir ki, ilk dəfə yarımçıq qalmış çempionata görə medallar yəqdim olunacaq. Bu baxımdan, dünya, Avropa ölkələrində olduğu kimi, Azərbaycan futbolu da ilk təcrübəsini yaşayacaq. Medalların necə veriləcəyini isə AFFA müəyyənləşdirəcək.

Səbuhi Musayev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

1 milyard dollarlıq istefa sövdələşməsi: Cinayət işi açıldı

SONRAKI XƏBƏR

"Heç vaxt Maykl Cordanın fanatı olmamışam" - Tim Dakan