Məşhur aktyorun futbol sevgisi: "Biz gözümüzü açıb "Neftçi" görmüşük"

Məşhur aktyorun futbol sevgisi: "Biz gözümüzü açıb "Neftçi" görmüşük"

Tanınmış aktyor və rejissor Kamran Ağabalayev futbola olan sevgisindən Sport7.az-a danışdı

- Kamran bəy, idmanın hansı növünə marağınız var?

- Futbol... Özüm krossfitlə məşğul oluram. Amma futboldan istədiyiniz sualı verə bilərsiniz. Yəni, bu qədər əminəm.

- Demək özünüzü qatı azarkeş hesab edirsiniz. Sevimli klubunuz hansıdır?

- Qatı azarkeşəm. 1986-cı ildən, hələ 6 yaşımdan Almaniyanın "Bavariya" klubunun azarkeşiyəm. Və hətta "Lokomotiv"in "Bavariya" ilə cavab oyununda "Dəmiryolçu" stadionunda döyülmüşəm. Ölkəmizdə isə təbii ki, "ağ qara" "Neftçi" azarkeşiyəm.

- Hər iki kluba olan sevginizin tarixçəsi maraqlıdır...

- "Alman maşını" deyimi daha çox Almaniya yığması və klubları üçün deyilib. "Hər bir bolt, hər bir vint, hər şey öz yerindədir və bir bədən üçün çalışır hamı". Ancaq nədənsə mən bu deyimi 80 % "Bavariya"ya aid edirəm. Mən həmişə futbolda fiziki göstəricilərin tərəfdarı olmuşam və ona görə də 1986-cı ildən Almaniya millisinin və "Bavariya"nın azarkeşi olmuşam.

Futbol ehtirasdır. Çempionlar Liqasının finalında "Bavariya"nın "Mançester Yunayted" ilə oyunu ən sevmədiyim mövzulardandır. Son bir dəqiqədə buraxılan iki qol və Matteusun əvəzlənməsini baş məşqçiyə bağışlaya bilmirəm. Çünki fikrimcə, Lotar oynasaydı biz həmin iki qolu heç bir halda buraxmayacağdıq. Amma üstündən iki il keçdikdən sonra biz "Valensiya" ilə oyunda həmin səhvimizi düzəltdik. Həmin dövrdə Effenberq artıq bizimlə idi və komandanın kapitanı idi. Bu gün futbol da, "Bavariya" da mənim üçün ehtirasdır. "Ağ-qara" sevgisinə gəlincə isə, biz gözümüzü açıb "Neftçi" görmüşük. Mən bunu inkar edə bilmərəm.

- Ancaq hər halda son illərdə "Neftçi"nin düşdüyü durum sizi qane etmir? Düzdür, köklü tarixə sahib klubdur, lakin komanda çox eniş yaşadı, illərdir ki, çempion ola bilmir. Ümumiyyətlə, 8 komandalı ölkə çempionatının səviyyəsi, regionlarda futbolun olmaması barədə nə düşünürsünüz?

- Azarkeş kimdir? Azarkeş o adamdır ki, hər bir halda, hər zaman sevdiyi klubun yanında olur. İllərdir çempion olmasa da, bundan sonra yenə çempion olmasa belə, mən yenə "ağ-qara"lıyam. Bu, dəyişən bir şey deyil. Deyirik ki, çempionatın səviyyəsi bizi qane etmir. Əslində isə, bunun əksini görürük. "Neftçi"nin bir neçə illər öncəki, "Qarabağ"ın Avropada oyunları bunu sübut edir axı. Yəni, biz artıq rəqabətə davam gətirə bilirik. Rəqabətə davamlı klub yarada biliblər. "Qarabağ" hazırda bunu sübut edir. Məsələn, "Atletiko"nun qrupda qalmasını mən sırf "Qarabağ"ın adı ilə bağlayıram. Hamımız bilirik ki, Dieqo Simeone "Atletiko"nun sükanı arxasına gəldikdən sonra bu klub dünya divlərindən birinə çevrilib. Buna həm "Barselona", həm "Real"la oyunları nümunədir. Son illərdə Çempionlar Liqasının finallarında oynamağı da bariz sübutudur. Amma biz bu komanda ilə, bu klubla xalları yarıya böldük.

Düşünürəm ki, rəqabətə rəvac verən hər bir metodika bizim üçün keçərlidir. Mən də istəyirəm ki, hər il Avropada tək "Qarabağ" deyil, həm də yanında "Neftçi", "Zirə", "Qəbələ" olsun. Rəqabətə rəvac verən hər bir şeyə "hə" deyirəm. Hər bir peşədə rəqabət olmalıdır. Biz rəqabətdən daha güclü oluruq.

- "Neftçi"nin oyunlarını stadiondan izləyirsiniz, yoxsa elə TV vasitəsi ilə?

- Sağ olsun, "Neftçi" rəhbərliyi bütün oyunları "Skybox"dan izləmək imkanı yaradıb. Buradan adaşım olan "Neftçi"nin prezidenti Kamran bəyə və mətbuat katibi Rüstəm bəyə salamlarımı çatdırıram.

- Bəs tribunada azarkeşlər arasında matç izləmisiniz? Sizcə, "Skybox"dan izləmək, yoxsa çılğın azarkeşlər arasında matç seyr etmək daha həyəcanlı olur?

- Mən o qədər diqqətli azarkeşəm ki, tribunadan oyunu izləyəndə azarkeş müəyyən mənada mənə mane ola bilər. Ona görə "Skybox" daha rahatdır. Amma nə gizlədim, "Neftçi"nin Avropa Liqasındakı oyunlarını daha çox VİP lojadan izləməyi sevirəm, nəinki "Skybox"dan. Demək olar ki, azarkeşlərin arasında oluram.

- Bəs "Bavariya"nın oyununu doğma meydanında canlı izləmisiniz və ya getmək kimi bir planınız varmı?

- "Bavariya"nın oyunu canlı izləmişəm, amma çox əfsuslar olsun ki, bu, klubun doğma "Allyans Arena"sında olmayıb. Az əvvəl də dediyim kimi, "Dəmiryolçular" stadionunda "Lokomotiv"lə oyunda olub və orada döyülmüşəm. Cavab görüşü idi. İlk matç "Allyans Arena"da "Lokomotiv"in 1:0 hesablı qələbəsi ilə bitmişdi. Cavab oyununda isə "Bavariya" 4 top vurmuşdu. Klinsmann iki möhtəşəm qolla fərqlənmişdi. Özümü saxlaya bilməmişdim və döyülmüşdüm.

- Sizin üçün ən unudulmaz matç hansıdır?

- Almanların 7:1 hesabı ilə Braziliyaya qalib gəldiyi matç, "Bavariya"nın Çempionlar Liqasının finalında "Bayern Dortmund" ilə oyununda (2:1) Robbenin özünü bağışlatdırdığı il və yenə ÇL finalında "Valensiya" ilə oyunda penaltilərlə qalib gəldiyimiz oyun (gülür)...

- Keçmiş və bugünkü futbolçular arasında bəyəndiyiniz oyunçular kimlərdir?

- Köhnələrdən: qapıçı Ştefan Kloss, Yurgen Koler, Ştefan Röyter, Andreas Breme, Littbarski, Augentaler , Mateus, Xassler, Klinsmann, Birhoff və cəmi bir fransız Zidan.

İndikilərdən: Noyer, Van Dijk, Varan, Pavar, Kyellini, Kimmix, Roys, Sanço, Firmino, Mane və Messi, Messi, Messi... (gülür)

- Yerli futbolçular və ya idmançılarımızdan dostluq etdikləriniz varmı?

- İdmançı dostlarım yoxdur.

- Müsahibənin əvvəlində özünüzün də idmanla məşğul olduğunuzu demişdiniz. Bu haqda biraz danışarsınız?

- Çox az çəkidə - 47 kq-da taekvando üzrə ölkə çempionatının bürünc mükafatçısıyam, ağırlıq qaldırma üzrə isə Avropa və Azərbaycan üçüncüsü olmuşam.

- Bəs niyə idman karyeranızı peşəkar səviyyədə davam etdirmədiniz?

- Müəyyən bir nəticə qazandıqdan sonra hiss etdim ki, bu peşə mənim deyil. Həmişə 3-cü olurdum. Heç vaxt 2-ci belə ola bilmirdim. 2-ci və 1-ci olmaq məni maraqlandırmırdı. Amma aktyorluq peşəsi elədir ki, hər gün daha da yaxşı olmağa çalışıram. Daha yaxşı yerlərə çıxmaq istəyirəm. Çalışıram əvvəlki filmdən daha maraqlı bir şey ortaya çıxara bilim. Hardasa 10-a yaxın ölkədə filmlərə çəkilmişəm, daha böyük filmlərdə çəkilmək istəyirəm. Bu, yüz faiz olacaq. Başqa variant yoxdur.

- Son olaraq karantin günləri ilə bağlı fikirlərinizi öyrənmək istəyirəm. Bu günlərdə idmansız qalmaq necə təsir etdi?

- Mən idman edirəmsə, mütləq şəkildə pəhriz saxlayıram. Bu, daha çox zülallardan ibarət olan yeməklərdir və karbohidratları menyudan çıxardıram. Bu isə bir çox vaxtlarda immunitetin düşməsinə səbəb olur. Bu hal başıma gəlib. Ona görə karantin günlərində heç bir idmanla məşğul olmamışam, bol kallorili, vitaminli yeməklər yemişəm, 6 kilo çəki almışam və düşünürəm ki, mənim sağlamlığım hər bir halda mənim üçün önəmlidir. Zallar açılandan sonra həmin qazanılmış 6 kilonu vermək çətin məsələ deyil, mən formaya tez düşürəm. Bu, artıq yaddaş kartı kimi bir şeydi, həmişə yaddaşda qalır və bir aylıq idmandan sonra hər şey qaydasına düşür.

Röya Kərimli

Sport7.az

Mənbə: sport7.az