“Canavarlar”ın “əczaçılar”a hücumu

“Canavarlar”ın “əczaçılar”a hücumu

Futbol üzrə Almaniya Bundesliqasında 28-ci turun oyunları davam edir.

Çempionlar Liqasına vəsiqə verən ilk dördlüyə iddialı Bayer Leverkuzen doğma divarlar arasında Volfsburqa böyük hesabla uduzub. Fasilə ərəfəsində darmadağının təməlini qoyan Marin Ponqraçiç ikinci hissədə dublunu rəsmiləşdirib. Qonaqların heyətində digər qolları Maksimilian Arnoldla Renato Şteffen vurub. “Əczaçılar” isə Yulian Baumqartlingerlə təsəlli tapıblar. Bayer Leverkuzen 1, Volfsburq 4.

Günün ən bol qollu qarşılaşması Frankfurt şəhərində reallaşıb. Burada Ayntraxtla Frayburq komandaları sülh bağlayıb. Tərəflər hərəyə 3 dəfə fərqləniblər. Qonaqlardan Vinçenso Qrifo, Nils Petersen və Lukas Höler adını tabloya yazdırıb. Frankfurtlulardan isə Andre Silva, Daiti Kamada və Timoti Çendler rəqib qapısına yol tapıb, 3-3.

Verder Bremen - Borussiya Mönhenqladbax matçında isə atəşkəs pozulmayıb, 0-0.

Xatırladaq ki, turun açılış matçında əzəli rəqiblər - Borussiya Dortmundla Bayern Münhen kollektivləri birincilərin meydanında üz-üzə gəliblər. Sayca 126-cı “Der Klassiker”in taleyinə 1 qolla aydınlıq gəlib. Fasilə ərəfəsində fərqlənən Yoşua Kimmix münhenlilərə minimal hesablı qələbə qazandırıb, 1-0.

Tura bu gün keçiriləcək 5 görüşlə yekun vurulacaq. Dortmundluların büdrəməsi 3-cü pillədəki Leypsiqin işinə yaraya bilər. Evdə Herta Berlinlə qarşılaşacaq buğalar, qələbə qazanacaqları təqdirdə arılarla xallarını eyniləşdirəcəklər və topların daha yaxşı fərqinə görə 2-ci yerə yüksələcəklər. Amma bu Yulian Naqelsmannın komandasına heç də asan başa gəlməyəcək. Belə ki, koronavirus pandemiyası səbəbindən yaranan fasilə zamanı baş məşqçi postunda dəyişiklik edən berlinlər inamlı təsir bağışlayırlar. Qoca qarılar Bruno Labbadiyanın başçılığı altında meydana çıxdıqları hər 2 görüşdə böyük hesablı qələbə qazanıblar və qapılarını toxunulmaz saxlayıblar. Səfərdə Hoffenhaymı 3-0 hesabı ilə üstələyən Herta, ardınca paytaxt derbisində Uniona gücünü göstərib, 4-0. Lakin ümumilikdə berlinlilər Leypsiqə qarşı uğursuz çıxışla diqqət çəkirlər. Belə ki, son 6 matçın 5-də buğalar, 1-də isə Herta qələbə qazanıb. Bugünki oyunun start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Günün digər matçlarına gəlincə. Berlinin digər təmsilçisi Union evdə Maintsla, Auqsburq Paderbornla, Fortuna Düsseldorf Şalkeylə, Hoffenhaym isə Kölnlə qarşılaşacaq. Bu oyunlar saat 22:30-da başlayacaq.

Mənbə: www.realtv.az