Yaponiyada J-Leage peşəkar futbol liqasının oyunları iyulun 4-də bərpa ediləcək

Yaponiyada J-Leage peşəkar futbol liqasının oyunları iyulun 4-də bərpa ediləcək

Tokio, 30 may, AZƏRTAC

Yaponiyada J-Leage peşəkar futbol liqasının oyunları iyulun 4-də bərpa ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya J-Leage peşəkar futbol liqasının sədri Murai Mitsuru onlayn mətbuat konfransı zamanı məlumat verib. M.Mitsuru bildirib ki, iyulun 4-də keçiriləcək ilk oyunlara tamaşaçılar buraxılmayacaq.

Qeyd edək ki, Yaponiyanın bütün futbol klublarının nümayəndələri mayın 29-da keçirilən görüş zamanı fevralın sonlarından dayandırılmış oyunların nə vaxt və necə bərpa olunması məsələsini müzakirə ediblər.

M.Mitsuru, həmçinin bildirib ki, liqa oyunlarına hazırlıq məşqlərini tamaşaçıların tribunalardan izləməsinə icazə veriləcək.

Yaponiya hökumətinin tərtib etdiyi rəhbər prinsiplərə görə, J-Leage liqasının klublarına iyulun 10-da müəyyən şərtlər daxilində azarkeşləri stadionlara buraxmaq icazəsinin verilməsi də nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az