"Qəbələ" ispaniyalı legionerini qaytara bilmir

"Qəbələ" ispaniyalı legionerini qaytara bilmir

Elmar Baxşıyev

"Qəbələ" futbol komandası məşqə başlayacaqları tarixdən bir gün əvvəl koronavirus testindən keçəcək.

Bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib. 40 yaşlı mütəxəssis bildirib ki, "Qəbələ"nin bölgə komandası olması səbəbindən belə bir qərar qəbul edilib: "Hamı vurğulayır ki, bütün komandalar testdən keçdi, "Qəbələ" yox. Hamıdan fərqli olaraq biz bölgə komandasıyıq. Bəzi oyunçularımız Bakıda, bəziləri isə rayondadır. Bütün komandanı bir araya yığmaq çətin olardı. Qərar verdik ki, yığışanda testdən keçək. Bu məsələ artıq klub səviyyəsində danışılıb. Məşqdən bir gün əvvəl testdən keçəcəyik".

Baş məşqçi hazırda məşqə başlamaq üçün vaxt təyin etmədiklərini diqqətə çatdırıb. Baxmayaraq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Mütəxəssis AFFA və Peşəkar Futbol Liqasının rəsmi qərarını gözlədiklərini söyləyib.

Baxşıyev sərhədlər bağlı olduğu üçün Azərbaycana qayıda bilməyən Fernan Lopezin durumu haqqında da danışıb: "O, hazırda ölkəsi İspaniyadadır. Dəfələrlə açıqlamışıq ki, bizim üçün çox dəyərli oyunçudur. Nə edə bilərik? Hər şeyi anlayışla qarşılayıb, yola davam etmək lazımdır. Görünən odur ki, çempionat bərpa olunanda hələ ki, onun xidmətindən yararlana bilməyəcəyik. Sözləşməsi də başa çatır, amma bu məqam oynamasına əngəl törətməzdi. Gəlsəydi, oynaya bilərdi. Düşünürəm ki, özü də buna razı olardı. Bir il ərzində komanda onun bütün şərtlərini yerinə yetirmişdi. Nəinki Fernan, digər oyunçularla da yeni müqavilə baradə danışmamışıq".

Qeyd edək ki, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında Azərbaycan Premyer Liqasının taleyi müzakirə olunacaq.

Fernan Lopes

Mənbə: report.az