Klublar məşqlərə başlamaq üçün AFFA-nın qərarını gözləyir

Klublar məşqlərə başlamaq üçün AFFA-nın qərarını gözləyir

Azərbaycanın futbol komandaları Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsinə baxmayaraq, bu gün məşqə başlamayacaqlar.

Bu barədə "Report"a klublardan məlumat verilib. Onlar məşqə başlamaq üçün AFFA-nın qərarını gözləyəcəklərini bildiriblər.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə "Report"a açıqlamasında milli assosiasiyanın klublara qadağa qoymadığını bildirib.

Federasiya rəsmisi bu gün Klublar Komitəsinin (KK) iclasının olacağını xatırladıb: "Klublara qadağa yoxdur, sadəcə, AFFA ilə məsləhətləşmələr olmalıdır. Çünki hazırda fərqli vəziyyətdir. Pandemiya ilə bağlı karantin rejimində idman qurğularının fəaliyyəti dayandırılıb. KK-nın iclasından sonra, yəqin ki, bütün detallar bəlli olacaq".

Qeyd edək ki, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında Azərbaycan Premyer Liqasının taleyi müzakirə olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.

Mənbə: report.az