"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

Bundesliqanın 29-cu turu çərçivəsində "Paderborn"la oynanılan matçda (6:1) fərqlənən Dortmund "Borussiya"sının oyunçuları - Ceydon Sanço və Əşrəf Hakimi qolları ötən həftə dünyasını dəyişən Corc Floyda həsr ediblər.

Fanat.Az xəbər verir ki, hər iki futbolçu qol vurduqdan sonra formalarını qaldıraraq "Corc Floyda ədalət" yazısını nümayiş etdirib.

Oyundan sonra Hakimi "Twitter" hesabında bu barədə paylaşım edib: "İrqçiliyə birlikdə qalib gələcəyik! Ədalət!"

Ötən həftənin bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi. Artıq ABŞ-ın 20-dən çox ştatında hadisə ilə bağlı etirazlar başlayıb.

Qeyd edək ki, bu, Amerikada son illərdə qaradərililərin polis tərəfindən öldürülməsinə dair ilk belə hal deyil.

Mənbə: fanat.az