İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

Bu barədə məlumat yayan Xuzistanın Boks Heyətinin rəhbəri Həmin Zəngəneməneş onlara bu xüsusda göstərişin İran Boks Federasiyasından verildiyini deyib.
Artıq əyalətdə qadınların məşqçilik və boks idmanının nəzəri təlimlərinin verilməsi də daxil olmaqla, bu idman növü ilə məşğul olması qadağandır. Kişi idmançılar da qadınlara boks dərsləri keçə bilməzlər. Əgər kimsə buna cəhd etsə, atdığı addıma görə özü məsuliyyət daşıyacaq və ona qarşı zəruri cəza tədirləri görüləcək, - deyə rəsmi əlavə edib.
O, sonda qeyd edib ki, bu istiqamətdə Federasiyanın növbəti qərarını gözləmək lazımdır. Əgər Federasiya qadınlara boksla məşğul olmağa icazə versə, əyalət ərazisində bu növ idmanla məşğul olan qadınlara lisenziyalar veriləcək.
Qeyd etmək lazımdır ki, İranda qadın idmançılar, eləcə də tamaşaçılara qarşı ayrıseçkilik hökm sürür. Ölkədə qadınlara bəzi idman növləri ilə məşğul olmağın qadağan edilməsi ilə yanaşı, onların idman yarışlarına baxmaq üçün stadionlara getmək haqqları da yoxdur.

Mənbə: davam.az