“Bizə dedi ki, gedirəm” – “Neftçi”dən açıqlama

“Bizə dedi ki, gedirəm” – “Neftçi”dən açıqlama

“Dabonun “Neftçi” ilə müaviləsi bitir. Müqavilənin bitməsinə 6 ay qalmış futbolçu istənilən klubla danışıq apara bilər”.

Bu sözləri Qol.az-a açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Baqali Dabonun Kiprin “Apollon” klubu ilə müqavilə bağlaması xəbərinə münasibət bildirərkən deyib.

“Neftçi” rəsmisi fransalı hücumçunun “ağ-qaralar”la müqaviləsinin başa çatdığını və ona yeni sözləşmə təklif olunmadığını qeyd edib: “Əgər Dabo kimləsə danışıb və ya müqavilə bağlayıbsa, bizim buna münasibət bildirməyimiz düzgün deyil. Bu, futbolçunun şəxsi işidir. “Neftçi” tərəfindən ona müqavilə ilə bağlı yeni təklif olmayıb. O da gələn təklifi dəyərləndirib”.

R.Allahverdiyev ötən gecə “Neftçi”dən ayrıldığını açıqlayan Donald Geryenin məsələsinə də aydınlıq gətirib: “Gerye ilə müqaviləmiz dünən bitdi. Ona da qalması ilə bağlı heç bir təklif etmədik. Geryenin də təklifləri var idi. Gəldi bizə dedi ki, gedirəm”.

Xatırladaq ki, Gerye 2019, Dabo isə 2018-ci ildən “Neftçi”də çıxış edirdi.

Mənbə: press.az