UEFA prezidenti futbolçuların Corc Floyda dəstək olmalarından danışdı

UEFA prezidenti futbolçuların Corc Floyda dəstək olmalarından danışdı

"Futbol dözümlülük, inklüzivliyi və ədaləti təbliğ edən idman növüdür".

"Report"un məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin “Associated Press”ə açıqlamasında ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner bildirib ki, bunlar C.Floyda həmrəylik göstərən insanların dəstəklədikləri eyni dəyərlərdir: "Bizim yarışlarda hər hansı oyunçu qeyri-bərabərlik probleminə qarşı hər hansı məlumat çatdırmaq istəsə və ya öz münasibətini hansısa formada göstərsə, bu, UEFA-nın rasizmə qəti dözümsüzlüyü mövqeyinə uyğun qəbul ediləcək".

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etmə şübhəsi ilə saxlanıldığı anın videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. O, hadisədən qısa müddət sonra xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.

Mənbə: report.az