Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

"Premyer Liqanın bərpa edilməsi xoş xəbər oldu. Amma yayın qızmar çağında dörd-beş gün ara ilə oyunlara çıxmaq komandalara böyük çətinliklər yaradacaq”.

Bunu Fanat.Az-a açıqlamasında futbolçu karyerasını bitirmədiyi halda, klubsuz qalan Vüqar Nadirov deyib.

Azərbaycan millisinin sabiq hücumçusu fikrini belə əsaslandırıb:

"Koronavirus pandemiyası ümumi bəladı. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ciddi problemlər yaradıb. Düzdü, bizim çempionatın oyunlarına az azarkeş gəlir. Ancaq az da olsa, çox da olsa, onların yeri başqadı. Boş tribunalar önündə həvəslə oynamaq asan deyil. Stadiondakı ab-hava futbolçuda motivasiya yaradan əsas amildi. Paltardəyişmə otağından istifadə etmədən oyunlara çıxmaq, üçgündənbir koronavirus testi vermək sıxıcı vəziyyət deməkdi. Həm də paltardəyişmə otağı təkcə soyunub-geyinmək, yuyunmaq üçün deyil axı... Bütün tapşırıqlar orda verilir, iradlar orda bildirilir. Bu mənada deyirəm. Oyunlar zamanı ürəyində bu virusa yoluxmaq qorxusu olan, amma müqaviləsinə əməl etməli olduğu üçün meydana çıxan futbolçular da istənilən halda, öz potensialından aşağı səviyyədə futbol sərgiləyəcək. Hamısını demirəm, amma qorxa-qorxa oynayanlar da olacaq”.

Mənbə: www.fanat.az