Naxçıvan idmanı inkişafın yeni mərhələsində

Naxçıvan idmanı inkişafın yeni mərhələsində

Naxçıvan, 4 iyun, AZƏRTAC

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında

idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası uğurlu nəticələrə yol açır

Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. Bununla yanaşı, Naxçıvanda bu sahədə həyata keçirilən tədbirlər idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısından xəbər verir. Bu tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Proqramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir. Dövlət proqramında nəzərdə tutulan tapşırıqlar 37 bənddən ibarətdir.

Bu il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”.

Ötən dövrdə Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrasına başlanılıb, əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə müxtəlif idman yarışları təşkil edilib. Ordubad rayon Dəstə kənd tam orta məktəbinin idman zalında karate-do üzrə oğlan və qızlar arasında rayon birinciliyi, Şahbuz rayonunda voleybol üzrə yoldaşlıq görüşü, yüngül atletika üzrə rayon birinciliyi keçirilib. Culfa rayonunda keçirilən 4 idman tədbirində 346 idmançı iştirak edib.

Muxtar respublikada inkişaf etdirilən idman növləri içərisində şahmatın özünəməxsus yeri vardır. Görülən işlər, keçirilən respublika və beynəlxalq səviyyəli idman tədbirləri şahmata marağın artmasına və Naxçıvan Muxtar Respublikasının bu idman növünün ən çox inkişaf etdiyi bölgələrdən birinə çevrilməsinə şərait yaradıb. Keçirilən şahmat yarışları Dövlət proqramında nəzərdə tutulan idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı tapşırığın icrası istiqamətində xüsusi əhəmiyyətə malikdir. Ötən dövrdə Naxçıvan Şahmat Mərkəzi tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları, Sədərək, Ordubad, Şərur rayon şahmat məktəblərində şahmat üzrə tempo turnirləri, Babək rayonunda zona birinciliyi keçirilib.

Dövlət proqramının icrasına uyğun olaraq hərbi-idman oyunlarının təşkili diqqət mərkəzində olub, ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi keçirilib.

Proqramda diqqəti cəlb edən tapşırıqlardan biri də Naxçıvan Muxtar Respublikasında ildə bir dəfə olmaqla “İdman festivalı”nın keçirilməsidir. Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib, festivalda idman federasiyalarının, uşaq-gənclər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində xidmətlərə görə fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıb. Gənclərin potensialından istifadə edilməsi məqsədilə Gənclər Fondu tərəfindən “İdman könüllüləri”nin əsasnaməsi hazırlanıb, 20 könüllü gənc təlimlərə cəlb olunub.

İdman turizmi inkişaf etdirilir

Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri olduğu üçün idman turizminə də xeyli üstünlük verilir. Müasirləşmə və əhəmiyyətli dəyişikliklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaradıb. Dövlət proqramında muxtar respublikada idman turizminin inkişafı ilə bağlı tapşırıq nəzərdə tutulub. Bu məqsədlə ötən dövrdə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində Xizək kompleksinin yaradılması istiqamətində işlər davam etdirilib, “Naxçıvan Muxtar Respublikasında İdman Turizmi” adlı kataloqun hazırlanmasına başlanılıb.

Muxtar respublikada yeniyetmələrin fiziki və mənəvi hazırlığının yüksəldilməsi, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Ötən dövrdə Dövlət Proqramının icrasına uyğun olaraq bütün təhsil müəssisələrində idman klublarının yaradılması, idmanın müxtəlif sahələri üzrə şagirdlərin idmana cəlb edilməsi məqsədilə Təhsil Nazirliyində şəhər (rayon) təhsil şöbələrinin müdirlərinin və uşaq-gənclər idman məktəblərinin direktorlarının iştirakı ilə kollegiya iclası keçirilib. Kadr potensialı və mövcud şərait nəzərə alınaraq təhsil müəssisələrində yaradılacaq idman klubları müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin dinləyici və kursantları üçün həftədə 2 dəfə idmanın əlbəyaxa döyüş və güləş növləri üzrə əlavə məşğələlər təşkil olunub.

Zərərli vərdişlərin qarşısının alınmasında idman inkişafı mühüm rol oynayır

Naxçıvan Muxtar Respublikasında zərərli vərdişlərin qarşısının alınması ilə bağlı görülən işlər davamlı xarakter alıb. İdman da bu sahədə xüsusi əhəmiyyətə malikdir və Dövlət Proqramında bu məqsədlə tədbirlərin görülməsi nəzərdə tutulub. İdmançıların sağlam ruhda böyümələri, zərərli vərdişlərdən uzaq durmaları məqsədilə 2020-ci il 27 fevral tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə Şərur və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilib, görüşdə 25 idmançı iştirak edib. Bununla yanaşı, muxtar respublikanın ümumtəhsil müəssisələrində yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idman vasitəsilə zərərli vərdişlərin qarşısının alınması istiqamətində “Sağlam həyat tərzi”, “Tütün məhsullarının istifadəsinin zərərli təsirləri” və “İdmana cəlb olunma” mövzularında 33 maarifləndirici tədbir keçirilib.

Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindəndir. Onların reabilitasiyası və sosial adaptasiyasının təmin edilməsində diqqət cəlb edən vasitələrdən biri də idmandır. Ötən dövrdə Dövlət Proqramının icrasına uyğun olaraq bu istiqamətdə də işlər davam etdirilib, sağlamlıq imkanları məhdud şəxslər arasında 19 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində armreslinq (qol güləşi) idman növü üzrə muxtar respublika birinciliyi, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə boccia idman növü üzrə Kəngərli rayon birinciliyi və Paralimpiya Federasiyasının idmançıları arasında “Peleton” intellektual oyunu keçirilib.

İdman sahəsində peşəkar kadrlar hazırlanır

İdmanın inkişafı, ilk növbədə, bu sahədə peşəkar kadrların hazırlanması və peşə hazırlığının müasir standartlar səviyyəsində qurulmasından asılıdır. Proqramda nəzərdə tutulan tapşırığın icrası istiqamətində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə fevralın 17-dən başlayaraq “Naxçıvan” Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan 21 tələbəsinə ümumtəhsil müəssisələrində təcrübə keçmələri üçün şərait yaradılıb.

Yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. Eyni zamanda idman asudə vaxtın səmərəli və faydalı keçməsinə, şəxsi inkişafa təsir göstərən amillərdəndir. Dövlət proqramında istirahət parklarında sadə idman qurğularının quraşdırılması və idman guşələrinin yaradılması, əhalinin bütün təbəqələrinin bu qurğulardan istifadəsi üçün tədbirlərin görülməsi ilə bağlı tapşırıq müəyyən edilib. Ötən dövrdə bu məqsədlə Sədərək rayon Heydərabad qəsəbəsindəki istirahət parkında sadə idman qurğuları yerləşdirilib, idman guşələri yaradılıb, parkda mini-idman meydançası gənclərin istifadəsinə verilib. İdman infrastrukturunun gücləndirilməsi istiqamətində işlər davam etdirilib, mart ayından etibarən Ordubad şəhər stadionunun yenidən tikintisinə başlanılıb.

Təbliğat idmanın kütləviləşməsində öz rolunu oynayır

Təbliğat işi uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsi ilə bağlı başlıca şərtlər arasındadır. Ötən dövrdə yeniyetmə və gənclər arasında idman növlərinin “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə təbliğat işlərinin aparılması diqqətdə saxlanılıb, “Bilmədiklərimiz”, “İdman vaxtı” adlı sosial şəbəkə aksiyaları vasitəsilə müxtəlif idman növlərinin üstünlükləri və evdə məşğul oluna biləcək ümumi inkişaf hərəkətləri barədə məlumatlar verilib.

Təbliğat işində kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilib. Naxçıvan Dövlət Televiziyasında “İdman vaxtı” proqramının 6 sayı hazırlanaraq efirə təqdim edilib, Naxçıvan Dövlət Radiosunda “Həftənin idman icmalı”nın 4 sayı hazırlanıb, “Nahar vaxtı” verilişinin 1 sayı idman mövzusuna həsr olunub, “Şərq qapısı” qəzetində idman federasiyalarının fəaliyyəti, bütün idman növləri ilə bağlı maarifləndirici silsilə yazılar dərc olunub, muxtar respublikada keçirilən idman yarışlarının hər biri işıqlandırılıb.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Gənclərin fiziki cəhətdən sağlam böyüməsində və asudə vaxtlarının səmərəli təşkilində bədən tərbiyəsi və idman əsas vasitə kimi götürülməlidir. Bu səbəbdən də idmanın inkişafı sahəsində qarşıya qoyulan vəzifələr və qəbul olunmuş Dövlət proqramı uğurla icra olunmalı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Mənbə: azertag.az