Belçikalı baş məşqçi: "Qrupda "Qarabağ"a görə az xal topladıq"

Belçikalı baş məşqçi: "Qrupda "Qarabağ"a görə az xal topladıq"

Bertran Krasson

"Bu komandanın baş məşqçisi olmaq yaxşı təcrübə idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olmuş Lüksemburq "Düdelanj"ının sabiq baş məşqçisi Bertran Krasson deyib.

 

49 yaşlı belçikalı mütəxəssis bildirib ki, klubla müqaviləni yeniləməmək qərarına gəliblər. O, qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını sözlərinə əlavə edib: "Komandanın məqsədi Avropa Liqasına vəsiqə qazanmaq idi və biz bundan uzaqda deyildik. Komandanı 12-ci yerdən 5-ci pilləyə qaldırdıq və koronavirus pandemiyasına görə mövsüm bitdi".

Baş məşqçi Avropa Liqasındakı oyunları da xatırladıb. Krasson Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməklə, tarixi uğur qazandıqlarını söyləyib: "Bu əla bir an idi. Qrup mərhələsini 4 xalla başa vurduq, amma 6 ola bilərdi. Lakin "Qarabağ" VI tur oyununun son dəqiqələrində hesabı bərabərləşdirdi".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. Ağdam təmsilçisi səfərdə rəqibini 4:1 hesabı ilə üstələyib, Bakıdakı görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bertran Krasson 2019-cu ilin sentyabrında bu postda Emiliano Ferreranı əvəzləyib.

Mənbə: report.az